Bakıda “ölüm hazırlayan” gizli sexlər-şok fotofaktlar
29 Aprel 2016 14:29 Sosial"Yeni Müsavat"ın əməkdaşı paytaxtda mənşəyi bilinməyən ətdən kolbasa hazırlayan sexdə gördüyü dəhşətli mənzərədən yazır
Son günlər mətbuatda paytaxta gətirilərkən saxlanılan tonlarla mənşəyi bilinməyən ətin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması barədə xəbərlər artıb. Məlumatlara görə, bu cür yararsız "məhsullar" paytaxtda gizli kolbasa sexlərinə verilir. "Yeni Müsavat"ın əməkdaşı paytaxtın gözdən-qulaqdan uzaq yerlərində, yaşayış evlərinin arasında, birmərtəbəli köhnə evlərdə kustar üsulla kolbasa hazırlayan sexi bir neçə gün axtarışdan sonra tapmağa nail olub.
Ay müştəri...

Keşlə qəsəbəsindəki Mikayil Əliyev küçəsində kiçik bir evdə kolbasa sexinin fəaliyyət göstərdiyini öyrəndikdən sonra həmin ünvana yollandıq. Maraqlı məqam o idi ki, kolbasa sexinin yerini soruşanda insanların üzündə qəribə bir ifadə müşahidə etdik ki, bunu axtardığımız ünvanda necə "keyfiyyətli" məhsul istehsal olunduğuna işarə də saymaq olardı. Kolbasa sexi Keşlədəki qum zavodunun yanında fəaliyyət göstərir. "Sexin" üzərində heç bir fərqlənmə nişanı olmadığından tapmaqda çətinlik çəkdik. Yaşayış evlərinin yanında yerləşən birmərtəbəli tikilinin həyətində bizi qarşıladılar.


Məlum oldu ki, sexdə "Delikates" firmasının məhsulları istehsal olunur. "Doktorskaya", "Lyubitelskaya" və sairə növ kolbasa və sosislərin saxtaları hazırlanır, elə yaxınlıqda yerləşən ara məhəllələrdəki mağazalara da satılır. Sex rəhbəri deyir ki, onun istehsal etdiyi "Delikates" kolbasaları mağazalarda 4-6 manat arasında satışa qoyulub. Kolbasa köhnə daşlardan tikilmiş qum zavodunun toz-torpaq basmış kiçik daxmasında istehsal olunur. Yaşayış binalarının arasında olması isə gizli şəkildə fəaliyyət göstərdiklərinə işarədir. Sexin içərisi və iş şəraiti də normal deyil. İçəriyə baxmaq üçün gizlicə qum zavodu tərəfdən sexin arxasına keçib, nəfəslikdən içəri boylandıq. Mənzərə dəhşətli idi. Sexin cəmi bir havalandırma yeri var. Həmin yerdən üfunət iyli qara tüstü çıxırdı... Paslanmış pəncərə tüstünün təsiri ilə bir az da qaralmışdı. Fürsət tapıb sexin damının da fotosunu obyektivimizin yaddaşına sala bildik.

Pəncərənin bir açıq qalan kiçik hissəsindən sexin içərisini görüntüləməyə nail olduq. Kamera daha geniş götürə bilməsə də, insan gözü ilə hər şey açıq-aydın görünürdü. Belə bir şəraitdə kolbasa istehsal edilməsi bunu yeyəcək insana bəri başdan "ölüm hökmü" deməkdir. Sex işçiləri əllərində belə oxşar əşya ilə aparatların içindəki "əti" qarışdırır, arabir avadanlıqlara baxırdılar. Uğultu səsindən nə danışdıqları bəlli olmurdu. Sexin içərisindən gələn üfunət qoxusu bir tərəfə qalsın, antisanitar şərait də göz qabağında idi. Köhnə avadanlıqlar, balaca daxma, üstəgəl qum zavodunun həyətində olması bir yana, bu cür kustar üsulla kolbasa hazırlanması artıq cinayətdir. Elə əgər "sertifikatımız var" deyən sex rəhbərinə inansaq, bu sənədi verənlər də cinayətə ortaqdırlar...