İnsan nədən depressiyaya düşür?

Depressiyada olan kişilərdə, qadınlara görə intihar ilə ölüm nisbətləri dörd qat daha çoxdur

Son vaxtlar insanlarda depressiyaya düşmək halları artmağa başlayıb. Müxtəlif səbəblərdən meydana gələn depressiya insanda özünü müxtəlif formalarda büruzə verir. Bir qayda olaraq qadınlarda depressiyaya düşmə hallarına daha çox rast gəlindiyi bildirilsə də, lakin kişilərdə depressiya hallarının daha çox uzunmüddətli olduğu bildirilir.
Psixoloq Nərmin Quliyeva deyir ki, depressiya kişilərdə də olduqca sıx müşahidə edilir və diqqətə çarpır. Onun sözlərinə görə bunun da özünəməxsus səbəbi var. Nərmin Quliyeva bildirib ki, qadınlar depressiya üçün müalicəyə müraciət etdiyi halda, kişilər bunu demək olar ki, nə qəbul edir, nə də müalicə üçün kömək istəyirlər: "Kişilərdə depressiya əlamətləri qadınlardakı depressiya əlamətlərinə bənzəyir. Amma kişilər depressiyanı fərqli şəkildə ifadə etmə meylindədir. Qadınlar, bədbəxtəm, kədərliyəm, günahkarlıq hiss edirəm, kifayət qədər yaxşı ana ola bilmədim kimi sözlərlə ruh hallarını ifadə edərkən, kişilər əsəbiyəm, narahatam, dözülməzəm, yuxum pisdir kimi şikayətlənmələri daha çox dilə gətirirlər.
Bəs depressiyanı aradan qaldırmaq üçün ilk növbədə nə etmək lazımdır və müalicə olunmadığı halda depressiya insanda hansı ciddi fəsadlara yol aça bilər? Nərmin Quliyevanın sözlərinə görə, kişilərdə depressiya dağıdıcı nəticələr doğura bilməkdədir: "Depressiyada olan kişilərdə, qadınlara görə intihar ilə ölüm nisbətləri təxminən dörd qat daha çoxdur. Daha çox qadın intihara cəhd etsə də, bundan fərqli olaraq kişi intihar nəticəsində öz həyatını sona çatdırır. Bu kişilərin, çox dərman alaraq intihara cəhd yerinə yüksəkdən atlama, odlu silah istifadə etmə kimi daha "sərt" üsulları daha tez istifadə etməsindən irəli gəlir. Depressiya kişilərdə ümumiyyətlə, mədəni gözləntilərin izlərini daşıyır. Kişilərin müvəffəqiyyətli olması, duyğularını düzəltməsi, idarəli olmaları lazımdır. Hadisələr kişinin idarəsində olmalıdır. Bu mədəni gözləntilər, depressiyanın əlamətlərini maskalayır. Klassik depressiya əlamətləri yerinə ,kişilərdə təcavüzkarlıq və hirs ifadəsi ola bilər. Bu cəmiyyət içində daha qəbul edilə bilən bir "sərt kişi" davranışıdır". Psixoloq bildirir ki, kişilər sıxlıqla depressiya əlamətlərini basqılamaq üçün spirt istifadəsinə yönəlirlər. Spirt isə o əsnada müvəqqəti rahatlama verir kimi görünsə də, həqiqətdə depressiya əlamətlərini daha da şiddətləndirir". Nərmin Quliyevanın sözlərinə görə, depressiya yaşlanmanın normal bir parçası olmamasına baxmayaraq, yaşlı kişilərdə ürək xəstəliyi, xərçəng kimi xəstəliklərin, depressiyanın da daha tez izlənilməsi ilə nəticələnir: "Təqaüd ilə birlikdə kişinin gəlir və iş itkisi olur, daha çox özünü boşluqda və işə yaramaz, gücünü itirmiş hiss edə bilir. Gündəlik təkrarlanan nizamı pozulur, bu dəyişikliklər hissi stressi artıra bilir və özünə inam itkisi depressiyaya kömək edə bilir. Buna əlavə olaraq, ailə və dostların ölümü, digər sağlamlıq problemləri üçün verilən bəzi dərmanlar da depressiyanın yaranmasına gətirib çıxarır. Hər il xüsusilə qış dövrlərində çökmüş kimi hiss edirsinizsə, depressiya müalicəsi almağınıza baxmayaraq göstəricilər düzəlmirsə, deməli insanda D vitamini əksikliyi var. Son araşdırmalar D vitamini çatışmazlığının, depressiya əlamətləri yaratdığını göstərir. Son illərdə, D vitamini çatışmazlığının osteoporoz, ürək xəstəlikləri, diabet, bəzi xərçəng növləri  və multipl skleroz kimi immun sistemi xəstəliklərinin yanında depressiyaya da bağlı olduğu tapılıb". Psixoloqun sözlərinə görə, bəzən depressiyadan çıxmaq üçün D vitamini məqbul hesab olunsa da, tam olaraq D vitamini və depressiyanın hansı mexanizm ilə əlaqəli olduğu bilinmir: "D vitamini çatışmamazlığı depressiyaya səbəb ola bilər, ya da depressiya aşağı D vitamini səviyyələri üçün risk artıra bilər. Məsələn, depressiya diaqnozu olan insanların daha çox zamanlarını qapalı sahələrdə keçirmələri, daha az sağlam bəslənmələri D vitamini səviyyələrini aşağı salır. Beyin də daxil olmaqla bütün bədəndə D vitamini ilə çalışan hüceyrələr olur. D vitamininin orqanizmdə azlıq təşkil etməsi, bu hüceyrələrin yanlış işinə yol açır. Depressiyanın ortaya çıxışının mexanizmi bu ola bilər. Depressiya  yalnız depressiv pozğunluq adı verilən xəstəlikdə deyil, şizofreniya, qidalanma, yuxu pozğunluqları və digər bir çox psixiatrik xəstəlik zamanı da üzə çıxa bilər. Depressiyanın müalicəsi, paralel gedən xəstəliklərə, fərdin yaş və cinsiyyətinə, fiziki xüsusiyyətlərinə, gündəlik həyat fəaliyyətlərinə, ifadə şiddətinə və daha bir çox faktora görə dəyişir".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00