Nəsib Quliyev: "Azərbaycanda 165 min uşaq dövlət müəssisələrində peyvənd edilir"

"Hər il Azərbaycanda 165-175 min nəfər uşaq dünyaya gəlir. Onlardan ən azı 165 mini dövlət müəssisələrində, 5 mini isə 400 özəl müəssisədə peyvənd edilir. Bununla özəl klinikaların hərəsinə 10 nəfər düşür". Bunu  respublikanın baş pediatrı Nəsib Quliyev dövlət müəssisələrinə nisbətən özəl klinikalarda peyvəndin daha keyfiyyətli olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, peyvəndlərin özəl klinikalarda daha keyfiyyətli olması ilə bağlı fikirlər yanlışdır. Azərbaycana gələn peyvəndlərin hamısı beynəlxalq təşkilatların kolivikasiyasından keçir və eyni üsulla yoxlanılır: "Azərbaycan hökuməti heç vaxt uşaqlara ziyanverici peyvənd almaz. Sadəcə özəl klinika az miqdarda 10,20,50 doza peyvənd alır və az uşağa vurulur. Ona görə də 1 doza peyvəndin qiyməti 25-30 dollara başa gəlir. Dövlət müəssisələrində isə 20-50 dozalıq peyvənddən 1 milyon alınır və bu da nəticədə pulsuz vurulur. Bu məsələni düzgün şəkildə cəmiyyətə çatdırmalıyıq ki, belə yalan məlumatlar yayılmasın". N.Quliyev müxtəlif ölkələrin istehsal etdiyi peyvəndlərin keyfiyyətinin də fərqli olması ilə bağlı məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, dünyada peyvənd istehsal edən bütün zavodlara Ümumdünya Səhiyyə Təşkilatının strateji-texniki nəzarət ekspert qrupu tərəfindən nəzarət olunur. İstehsalçı zavodun harada yerləşməsindən asılı olmayaraq, peyvəndin keyfiyyətinin eyni olduğunu deyən baş pediatr qeyd edib ki, bu baxımdan belə şayiələri yaymaq düzgün deyil: "Uşaqların peyvənd olunması vacib məsələlərdən biridir. 2013-cü ildə Uşaqların icbari dispanzerizasiyası haqqında qanuna əsasən uşaqların peyvənddən yayınmasının məsuliyyəti valideynlərin üzərinə qoyulur. Valideyn peyvənddən imtina edirsə, ondan bunun səbəblərini göstərən yazılı izahat tələb edilir. Bu məsələdə valideyn də, həkim də cavabdehdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00