Təmiz Şəhər”in ADNSU-da təqdimatı

Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təqdimatı keçirilib. Təqdimatda "Təmiz Şəhər" ASC idarə heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndələr, eləcə də ADNSU rektoru, professor Mustafa Babanlı, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. M.Babanlı universitetin fəaliyyəti, iştirak etdiyi layihələrdən söz açıb. Qeyri-neft sektorunun inkişafı, ekosistemin yaradılması və digər mütərəqqi ideyaların inkişaf etdirilməsini qeyd edən rektor, mövcud potensialı vurğulayıb. "Təmiz Şəhər" ASC idarə heyətinin sədri Zakir İbrahimov da qurulan əməkdaşlıq əlaqələrini universitetin inkişafına dəstək və ümumilikdə dövlətin inkişafında böyük rola malik olacağını vurğulayıb. O, qurumun fəaliyyəti ərzində görülən işlərdən və gələcək planlardan danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2009-cu il tarixli sərəncamı ilə təsis edilmiş "Təmiz Şəhər" ASC yarandığı vaxtdan Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər və həyata keçirdiyi layihələrlə paytaxtda, ətraf ərazilərdə ekoloji problemlərin həllinə öz töhfəsini verib. O, illər öncə Balaxanı qəsəbəsində tullantılarla bağlı vəziyyəti xatırladıb və qəsəbədə 1960-cı illərdən fəaliyyət göstərən, insanlar arasında "Balaxanı zibilliyi" kimi tanınan Balaxanı Tullantı Poliqonunun indiki vəziyyətini şərh edib.

"Təmiz Şəhər" ASC-nin nümayəndələri Oqtay Məmmədov və digər çıxışçılar təqdimatda tullantıların idarə edilməsi sahəsində görülən işlər haqqında geniş məlumat veriblər. İctimaiyyətin düzgün istehlak mədəniyyəti, israfçılığın azaldılması, əldə edilmiş tullantıların düzgün şəkildə istifadəsi və tullantı miqdarının azaldılması, düzgün və davamlı idarə edilməsi əsas meyar kimi qeyd olunub. Vurğulanıb ki "Təmiz Şəhər" ASC artıq iki ildir ki Heydər Əliyev Fondunun təşəbbüsü ilə tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə Qala qəsəbəsində pilot layihələr həyata keçirir.
Eyni zamanda tədbir iştirakçılarına Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodlarına turların təşkili, zavodun iş prinsipi, çeşidləmə üçün yararlı olmayan tullantıların zərərsizləşdirilməsi və sair haqda məlumat verilib. Zavodun idarəetmə otağı, monitorlar vasitəsilə tullantıların yandırılması prosesinin izlənilməsi, zavodun iş mexanizmi ətraflı şəkildə qeyd olunub. Bildirilib ki, böyük şəhərlərdə əhalinin sayı durmadan artır. İnsanların maddi rifahının artması ilə də tullantıların həcmi həndəsi silsilə ilə artmaqdadır. Böyük tullantı həcmlərinin idarə edilməsi ciddi problemlər yaradır. Lakin insanlar tullantı miqdarlarını düzgün istehlak və istifadə mədəniyyəti vasitəsilə azalda bilərlər. Çıxışçılar bildiriblər ki, "Təmiz Şəhər" ASC ali təhsil müəssisələrində ekoloji təlim-tərbiyə tədbirlərini davam etdirir. Bu mənada "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda insanların istifadəyə lazımsız hesab edib atdıqları məişət tullantılarından hazırlanmış sənət əsərləri önə çəkilib. Sərginin məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini xatırlatmaq, planetin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etməkdir. Hədəf Bakıda tullantıların idarə olunması sistemini inkişaf etdirmək, təkrar emalın həcmini maksimum artırmaqdır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00