Ordumuzun döyüş əhval-ruhiyəsi daha da yüksəlib
Ermənistanın təxribatının qarşısı qəhrəmanlıqla alınır
28 Aprel 2016 15:31 SosialCəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşma Ermənistan silahlı qüvvələri tərəfindən pozulmaqda davam edir. Demək olar ki, hər gün atəşkəs rejimin kobudcasına pozulması baş verir. Azğınlaşmış erməni quldur dəstələri hətta yaşayış məntəqələri və mülki vətəndaşları atəşə tutmaqdan çəkinmir. Daha dəqiq, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutur. Elə ötın gün də axşam saatlarından başlayaraq səhərə qədər erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub. Eyni zamanda, erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Bunun əksinə olaraq, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirir. Etiraf edilməlidir ki, Ermənistan tərəfi bununla ölkəmizi təxribata çəkmək niyyətindədir. Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun reallşdığı bir məqamda ermənilərin atəşkəs rejimini pozmasının intensivləşməsini təsadüfi hesab etmək sadəlövlük olardı. Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür: "Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq". Qeyd edək ki, Ermənistan tərəfinin hərəkətləri dünya dövlətlərinin də narahatçılığına səbəb olub. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatçılıqlarını ifadə ediblər. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ABŞ Dövlət Departamenti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük. XİN rəsmisi qeyd edib: "27 aprel tarixində axşam saatlarından başlayaraq 28 aprel tarixinədək Ermənistan silahlı qüvvələri qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar və toplardan istifadə etməklə əsasən Ağdam və Tərtər rayonlarında sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub. Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, mülki Azərbaycan əhalisini məsuliyyətsiz və hədəflənmiş şəkildə ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız 27 apreldən 28-nə keçən gecə Tərtər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib. Ümumiyyətlə, 2 aprel tarixindən başlayaraq Ermənistanın bu kimi əməllərinə görə təmas xəttinə yaxın yaşayış məntəqələrində dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub". H.Hacıyev bildirib ki, Ermənistanın qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir: "Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir. Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq, mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri sıradan olan adi hal deyil, Ermənistan Respublikasının dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistematik terror siyasətinin tərkib hissədir". XİN rəsmisi deyib ki, qoşunların təmas xətti boyunca Ermənistanın nəzarətində olan işğal edilmiş ərazilərdə mülki insanlara və obyektlərə zərərin dəyməsi barəsində rəsmi İrəvanın iddiaları yalandır: "Ermənistan tərəfinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində təmas xəttinin Ermənistanın nəzarətində olan hissələrində mülki insanlar yoxdur. 5 aprel tarixində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində əldə olunmuş atəşkəsə məhəl qoymayaraq, Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi, mülki insanların və sosial obyektlərin qəsdən hədəfə alınması və münaqişənin həlli üzrə danışıqlardan imtina etməsi kimi təxribatçı əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalı və pislənilməlidir". H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barəsində hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib: "Qoşunların təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələrinin Ermənistanın hərbi obyektlərinə qarşı atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcəkdir". Cəbhə bölgəsində vəziyyətin gərginləşdiyini nəzərə alan müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfər edib. İlk olaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Tərtər şəhərində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər. Müdafiə naziri, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə birgə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. Nazir sakinlərlə görüşərək onları dinləyib, qayğıları və problemləri ilə maraqlanıb. Müdafiə naziri rayondakı vəziyyətlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti həmçinin cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş-mənəvi psixioloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub. Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib. Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Ardınca müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüblər. Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib. Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub. Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib. Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb. Kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birliyin komandir heyəti və digər məsul zabitlərin iştirakı ilə toplantı keçirib. Toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı Müdafiə nazirinə məruzələr edilib. Müdafiə naziri general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib. Müdafiə nazirinin cəbhə bölgəsinı səfəri, ön xəttdəki əsgər və zabit heyəti ilə şəxsən görüşməsi heç şübhəsiz ki, orduda döyüş ruhunu artırır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir