Əmək Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanıb
28 Aprel 2016 13:24 SosialAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramı arasında SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsinə yönələn növbəti "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi imzalanıb. Layihənin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf kursunun mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. Nazir hazırda respublikada işsizlik səviyyəsinin 5 faizdən bir qədər yuxarı, gənclər arasında isə təqribən 10 faiz təşkil etdiyini bildirib. S.Müslümov vurğulayıb ki, gənclər arasında məşğulluq səviyyəsinin artırılması yönündə həyata keçirilən aktiv məşğulluq tədbirlərinin təşkilində qabaqcıl beynəlxalq təcrübədən irəli gələn innovativ yanaşmaların tətbiqi də diqqətdə saxlanılır: "Bu sahədə BMT İnkişaf Proqramı ilə birgə son illərdə icra olunmuş "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi xüsusi önəm kəsb edir. Layihə yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına və onların əmək bazarına inteqrasiyasına dəstək məqsədinə yönəlib. BMT İnkişaf Proqramının və Norveçin SYSLAB şirkətinin dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərlərində SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb". BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın əhəmiyyətli iş sahələrində davam etdirilməsinin təqdirəlayiq olduğunu, imzalanan layihənin gənclərin əmək bazarına daxil olmaları, karyera imkanları qazanmaları üçün yeni imkanlar açacağını vurğulayıb.Daha sonra S.Müslümov və Q.İsakzai yeni SYSLAB layihəsini imzalayıblar. Tədbirdə layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.