Millət vəkilindən bəzi KİV-lərə irad
28 Aprel 2016 12:12 Sosial"Vaxtaşırı sosial şəbəkələrdə, son dövrdlərdə isə Azərbaycan mediasında Ermənistanla bağlı informasiyalar çoxalmaqdadır. Cəbhə xəttində Ermənistanın provokasiyalarının artması şəraitində bu başadüşüləndir və bir çox hallarda verilən informasiyalar yerinə düşür. Ancaq bununla belə Ermənistandan verilən informasiyaların içində bir tip informasiyaların verilməsi və Azərbaycan cəmiyyətində yayılması başa düşülən deyil. Bu Azərbaycan və Türkiyə bayraqlarının və digər dövlət atributlarının Ermənistanda təhqiri ilə bağlı yayılan informasiyalardır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə səsləndirib. O, bildirib ki, bu halda nəinki informasiya verilir, hətta ayaqları altında Azərbaycan və Türkiyə bayraqlarını tapdalayan ermənilərin də şəkilləri geninə-boluna yayılır: "Bu şəkilləri Azərbaycan mediasında yaymaqda məqsəd nədən ibarətdir ? Məgər erməni millətçiləri bayrağımızı öpüb gözünün üstünə qoymalıydımı ? Ermənistan bu gün iki türk dövlətinə düşməndir və bizlərə qarşı bütün, o cümlədən çirkin metodlardan istifadə etməklə mübarizə aparırlar. Ondan kübarlıq və yüksək mədəniyyət gözləməyə dəyməz və bayraqlarımızın yandırılması da bu qəbildən olan alçaqlıqlardandır. Bu baxımdan Ermənistan mediasından və sosial şəbəkəsindən Azərbaycan və Türkiyənin təhqir edilməsi şəkillərini ölkəmizin mediasında və sosial şəbəkədə yayılması onların çirikin niyyətlərinin yayılmasına istər istəməz dəstək olmaqdır.Ermənistan millətçiləri bayrağımıza nifərt edir, onu təhqir edir , bəz bizə nə gəlib?".