Gənclər erkən nikah və məişət zorakılığının təsirləri barədə məlumatlandırılır
27 Aprel 2016 14:07 SosialGəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən erkən nikah və məişət zorakılığının təsirləri barədə dəyirmi masa təşkil olunub. "OLAYLAR"-ın Baş İdarəyə istinadən verdiyi xəbərə görə, dəyirmi masada Bakı şəhəri üzrə ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatı və Qeyri-Hökumət Təşkilatlarının fəal gəncləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəis müavini Aydın Yusifov bildirib ki, erkən nikah və məişət zorakılığı ilə bağlı tədbirlər ənənəvi olaraq hər il həyata keçirilir. Aydın Yusifov onu da əlavə edib ki, qeyd olunan mövzularda mütəmadi olaraq Baş İdarə tərəfindən müxtəlif maarifləndirmə xarakterli bukletlər, kitabçalar çap olunaraq gənclərə paylanıb. Daha sonra çıxış edən İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova erkən nikah və məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə keçirilən belə tədbirlərin əhəmiyyətini vurğulayıb. İctimai səhiyyənin problemlərindən biri kimi bu mövzuda da İSİM tərəfindən maarifləndirmə materiallarının hazırlandığını və aidiyyəti üzrə paylanıldığını nəzərə çatdırıb.