Türkmənistanın Təhsil naziri ADNSU-da olub

Aprelin 27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Türkmənistanın Təhsil naziri Purli Ağamuradov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)olub. Görüşdə ADNSU ilə Türkmənistan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. ADNSU rektoru, professor Mustafa Babanlı Türkmənistanın təhsil nazirini səmimi qarşılayaraq, universitetə səfərindən məmnunluq hissi keçirdiyini bildirib. M. Babanlı qonağa universitetin yaranma tarixindən, beynəlxalq əlaqələrindən, üzvü olduğu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrindən, eləcə də türkmənistanlı gənclər də daxil olmaqla universitetdə təhsil alan tələbələrə yaradılan imkanlardan söz açıb. Rektor ADNSU-da təhsil alan hər bir türkmən gəncinin yaxşı mütəxəssis kimi yetişdikdən sonra ADNSU-nu öz ölkəsində təmsil edə biləcək elçi kimi çıxış edəcəyini vurğulamaqla, bu mənada gənclərə yüksək təhsilin verilməsinin əsas vəzifələrdən biri olduğunu qeyd edib. Türkmənistanın Təhsil naziri Purli Ağamuradov, öz növbəsində, ADNSU-da olmaqdan məmnunluğunu ifadə edib və bu səfərin əlaqələrin daha da yaxşılaşmasına təkan verəcəyini ifadə edib. Nazir öz ölkəsindən olan müəllimlərin ADNSU-da təcrübə keçməsi üçün əməkdaşlıq əlaqələrinin yaradılması ilə bağlı fikirlər səsləndirib, eləcə də türkmən tələbələrin dərs hazırlıqları ilə maraqlanıb. Nazir universitetin elmi-tədqiqat və tədris laboratoriyaları, Tarix Muzeyi, Heydər Əliyev Lektoriyası, İmatahan Mərkəzi ilə tanış olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00