Oqtay Əsədov Qazaxıstan Senatının sədrini qəbul edib
27 Aprel 2016 11:54 SosialMilli Məclisin Sədri Oqtay Əsədov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a verilən məlumata görə, sədr Oqtay Əsədov bildirib ki, ölkəmiz Qazaxıstanla münasibətlərin möhkəmlənməsinə böyük əhəmiyyət verir. İki ölkə arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sədr hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Səmimi qəbul üçün təşəkkürünü bildirən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev Prezident İlham Əliyevlə keçirdiyi görüşdən və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Qazaxıstan Azərbaycanla bütün sahələrdə, o cümlədən siyasi sahədə münasibətlərin həmişə yüksək səviyyədə olmasına böyük önəm verir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu barədə danışan qonaq Forumun ideya və məqsədlərinin böyük əhəmiyyət daşıdığını qeyd edib və Birləşmiş Millətlər Təşkilatının belə bir tədbirinin Bakıda keçirilməsini mühüm hadisə kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin parlamentlərarası dostluq qruplarının rəhbərləri Adil Əliyev, Raşit Axmetov, Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabəyov və digər rəsmi şəxslər iştirak ediblər.