Beynəlxalq birlik terror məsələsinə ikili standartlardan yanaşır
28 Mart 2016 16:05 SosialAzərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a bildirilib ki, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə dövlət başçısının əfvlə bağlı imzaladığı son fərmana münasibət bildirib və bu cür addımların humanizm baxımından təqdirə layiq olduğunu diqqətə çatdırıb. İdarə Heyəti qardaş Türkiyədə, Brüsseldə, son olaraq Pakistanda baş verən terror hadisələrinə münasibət bildirib və harada olmasından, kim tərəfindən törədilməsindən asılı olmayaraq terrorun bütün dünya üçün ən böyük təhlükə və qorxu mənbəyi olmasından dolayı bu qanlı terroru törədənləri lənətləyib. Həmçinin terrorun yaranma səbəblərinə diqqət çəkən partiya yetkililəri baş verənlərin beynəlxalq hüquqda yaranan boşluqlarlardan, terror məsələsinə ikili standartlarla yanaşmalardan qaynaqlandığını qeyd edib və bütün dünya dövlətlərini insanlığı təhdid edən terrorla mübarizədə yekdil olmaq naminə beynəlxalq səyləri artırmağa çağırıb. Partiya rəsmiləri Pakistanda baş verən terror nəticəsində həlak olan insanların doğmalarına baş sağlığı verib və bununla əlaqədar Pakistan səfirliyinə hüzn məktubu ünvanlayıb.