Qusarın su təchizatı yaxşılaşdırılır

"Azərsu" ASC "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Hökuməti vəYaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib. "Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması" layihəsi üzrə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması hesablanıb. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaq. Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə inşa edilən kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00