Bişkekdə Novruz bayramı geniş qeyd edilib
22 Mart 2016 14:14 SosialAzərbaycanın Qırğızıstandakı səfirliyinin, bu ölkənin Xarici İşlər Nazirliyinin və Bişkek şəhər bələdiyyəsinin təşkilatçılığı paytaxtın "Ala-Too" meydanında möhtəşəm Novruz şənliyi keçirilib. Tədbirdə Azərbaycanının Qırğızıstandakı səfiri Hidayət Orucov, bu ölkənin Prezident Aparatının təmsilçiləri, Hökumətin üzvləri, Jokorku Keneşin (parlamentin) deputatları, xarici işlər naziri Erlan Abdıldayev, Bişkek şəhərinin meri Albek İbraimov, Qırğızıstanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, ziyalılar, jurnalistlər iştirak ediblər. Bayram şənliyinin "Azərbaycan yurdu" guşəsi iştirakçılarda xüsusi maraq doğurub. Burada milli mətbəximizin ləziz təamları, şirniyyatlar təklif edilib, Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında kitablar, jurnallar, bukletlər və suvenirlər paylanıb.Bişkek meri Albek İbraimov bildirib ki, Novruz bayramı ta qədimdən Azərbaycanda yüksək səviyyədə qeyd olunur. O, "Azərbaycan yurdu" guşəsinin ölkəmizin Novruz adətlərini tam dolğun əks etdiyini diqqətə çatdırıb. Xeyriyyə məqsədi daşıyan tədbirdə yığılan vəsait Qırğızıstanda bir neçə uşaq evinə veriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri


