Gürcüstandan Azərbaycana heyvan idxalını qadağan edən əmrlərdən biri ləğv olunub

Gürcüstan Respublikasının Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq ("göy dil") xəstəliyinin qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) 29 yanvar 2016-cı il tarixində imzalanmış 02 saylı əmr ləğv olunub. APA-nın xəbərinə görə, əmr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST-OİE) DBNX-ya daxil olan məlumat əsasında ləğv edilib. Əmrə görə də həmin ərazidən iribuynuzlu və xırdabuynuzlu heyvanların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdu. DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya faktı təsdiqləyib.

Bununla belə, o qeyd edib ki, Gürcüstan Respublikasının Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında qeydə alınan taun xəstəliyi ilə əlaqədar DBNX tərəfindən imzalanan 11.02.2016-cı il tarixli 04 nömrəli əmr isə qüvvəsində qalmaqdadır: "Bu əmrə görə də həmin ərazidən iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00