ADNSU-da NOVRUZ büsatı

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Novruz Bayramı təntənə ilə qeyd edilib. Bayram tədbirində təhsil ocağımızın rektorluğu, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Tələbələrimiz baharın gəlişinə xüsusi ovqatla, milli adət-ənənələrimizi özündə əks etdirən bahar sovqatları ilə qatılıblar. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin həyətində düzənlənən bayram şənliyində fakültələr üzrə tələbələr şəkərbura, paxlava, qoz-fındıq, boyadılmış yumurtalar və digər şirniyyatlarla dolu xonçaları ilə süfrələri bəzədilər. Şənlik meydanında tələbələrimiz hər kəsi milli mətbəximizin şahı sayılan plov, dolma və süfrəyə düzdükləri digər yeməklərə qonaq ediblər. Bir sözlə, ADNSU tələbələri bolluq, bərəkət, sülh, sevinc, yeni gözəl günlərin rəmzi olan yazın gəlişinin əsl mahiyyətini bütün çalarları ilə nümayiş etdirməyi bacarıblar. Tələbələrin hazırladığı bayram süfrələri ilə şənliyin aparıcılarının təqdimatında yaxından tanış olan rektor və prorektorlar bütün süfrələri müsbət dəyərləndiriblər. Rektor Mustafa Babanlı milli adətlərimizi özündə əks etdirən Bahar bayramının tarixinə nəzər salaraq, onun məna tutumu, əhəmiyyəti barədə danışıb, hər kəsi Novruzun gəlişi münasibətilə təbrik edib. Baharın əsas atributlarından olan "Keçəl" və "Kosa" öz oyunları ilə şənliyə xüsusi ovqat gətiriblər. Müəllim və tələbələr "Kosa" ilə "Keçəl"in məzəli oyunlarını, şirin zarafatlarını izləyə-izləyə, hərdən də həmin zarafatlara qoşulub deyib-güldülər.
Novruz şənliyini ADNSU-nun "Gənclik" mahnı və rəqs ansamblının çal-çağırı olmadan təsəvvür etmək qeyri-mümkündür. Ansambılımızın ifaları böyük çoşqu ilə qarşılanıb.
Dədə qorqudun xeyir-duasından sonra "Bahar qızı" ağ atın belində, əllərində məşəl tutmuş milli geyimli cəngavər rəqqasların müşaiyətilə meydana gəlib, hər kəsi təbrik edib, insanlara baharın xoş müjdələrini verib. Rektor məşəllə meydanın ortasında çatılmış tonqalı alovlandırdıqdan sonra prorektorlar, tələbələr rəqs ansambılı, "Keçəl", "Kosa", "Bahar Qızı" ilə birgə tonqalın ətrafında yallı gediblər. Hamı bir-birini təbrik edib xoş günlər arzulayıblar. Şənliyə müğənnilərimiz Niyam Səlami, İzzət Bağırov, Roza Zərgərli, Lalə Məmədova və digər sənətçilər öz ifaları ilə rəng qatıblar. Hamı çalıb, oynayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00