“Azərbaycan dövlətçiliyinin əleyhinə sərsəm fikirlər səsləndirənlər....”
Rövşən Məmmədli: “İrəvandan və digər erməni mərkəzlərindən idarə olunurlar”
15 Mart 2016 14:08 Sosialİşğalçı ölkə müntəzəm olaraq müxtəlif təxribat xarakterli addımlar ataraq Azərbaycanın nüfuzuna xələl gətirməyə, ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışır. Xüsusilə ermənilər bu istiqamətdə etnik amillərdən daha çox faydalanmağa cəhd edirlər. Bir qədər də konkretləşdirsək, ermənilər mütəmadi olaraq etniklərin problemləri və onun həlli yolları barədə toplantılar, kofranslar keçirməklə guya digər xalqlara hər zaman hörmətlə yanaşdıqları görüntüsü yaradırlar. Bu kimi tədbirlərdə bir qayda olaraq isə hədəf Azərbaycan seçilir. Hər keçirilən belə bir tədbirlərdə iddia edilir ki, guya Azərbaycanda etniklər, xüsusilə talışlar basqı altında yaşayırlar. Elə bir müddət əvvəl İrəvanda "Azərbaycanın köklü xalqları" adlı konfransının da başlıca məqsədi məhz bundan ibarət idi. Təəssüfedici məqamlardan biri isə ondan ibarətdir ki, həmin toplantıda vaxtı ilə Azərbaycanda yaşayan, sözün əsl mənasında isə separatçılığa meyilli olan çox məhdud sayda talışlar da iştirak edib.
Müstəqil ekspert Rövşən Məmmədli İrəvanda "Azərbaycanın köklü xalqları" adlı konfransın keçirilməsini qəti şəkildə pisləyərək qeyd edib ki, həmin tədbirdə səslənən sərsəm fikirlərin Azərbaycan xalqına və dövlətinə heç bir təsiri, aidiyyatı yoxdur. Çünki bunlar məkrli, ancaq əsassız fikirlərdir: "Bu gün Azərbaycanda yaşayan köklü xalqlarla bağlı heç bir milli problem yoxdur. Bu gün Azərbaycanda bəzi məmurların özbaşınalığı var. Bu problemlərdən də Azərbaycanda yaşayan hər bir xalq, hər bir insan eyni dərəcədə əziyyət çəkir". Rövşən Məmmədlinin sözlərinə görə, 2-3 nəfər talış separatçısı bütün erməni mərkəzlərində tez-tez o cür, ondan da artıq sərsəm fikirlər söyləyirlər: "Görün onlara bir fikir verən, reaksiya göstərən varmı, əlbəttə ki, yoxdur. Çünki, onların söylədikləri fikirlərin hamısı əsassızdır. Hamı ermənilərin iç üzünü tanıyır, məqsədlərini yaxşı bilir. Bizim bu vətən xainlərinin söylədiklərinə də o prizmadan qiymət verirlər. Odur ki, İrəvanda səslənən bu sərsəm söz-söhbətə hazırlıqsız, şişirdilmiş reaksiyalar verməyə ehtiyac yoxdur. Elə erməni diaspor mərkəzləri, erməni dövləti də bunu istəyir ki, sözügedən mövzu Azərbaycanda müzakirə predmeti olsun. Çox təəssüflər olsun ki, Azərbaycanda 5-10 jurnalisti çıxdıqdan sonra formalaşmış, yazdığının fərqində olmağı bacaran, nəyi necə yazmağı bilən, yazanda özünün yox, mənsub olduğu xalqının, dövlətinin marağını düşünən jurnalist yoxdur. Odur ki, dövlət elə özü bu
problemi aradan qaldırmaq haqqında düşünsə elə Azərbaycan dövlətçiliyinə xidmət etmiş olar". Rövşən Məmmədli deyib ki, İrəvanın Azərbaycan əleyhinə qurduğu dəyirmanlara su tökməməliyik. "İrəvanda əleyhimizə qaynadılan qazanları vaxtında yox etmək üçün, sanballı, düşüncəli əks reaksiyalar vermək lazımdır. Bu reaksiyanın da əsas canı odur ki, biz Ermənistan qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxaraq, Xankəndində üçrəngli bayrağımızı asaq və dövlətçiliyimizi orada bərpa edək. Bununla da İrəvan susacaq və hətta İrəvanı itirməməyin xofunu yaşayacaq. Bu gün hamı öz dövləti, dövlətçiliyi üçün çalışır". Ekspert bildirib ki, Azərbaycanda yaşayan bütün köklü azsaylı xalqlar Azərbaycan türkləri ilə min illər boyu qaynayıb qarışmış xalqlardırlar: "İndi bu xalqlar hamısı eyni bir mədəniyyətin, eyni vətənin, eyni dinin daşıyıcılarıdırlar. Azərbaycanda yaşayan bütün köklü xalqlar bu mədəniyyətin yaranmasında, zənginləşməsində mühüm rol oynayıb, ona öz töhfələrini, rəngarəngliklərini veriblər. Bu xalqların hər hansı biri nə dünən, nə bu gün, nə də sabah Azərbaycanda formalaşmış bu mədəniyyətdən qopmaq haqqında düşünmür və düşünməyəcəyi də gün kimi aydındır. Bu hay-küy də bu gün nə İrana, nə də Rusiyaya lazım deyil. Çünki, onlarda sözün həqiqi mənasında elə problemlərin yaşana bilməsinə kifayət qədər zəmin var. Odur ki, həmin dövlətlərin heç zaman Azərbaycanın daxilində bu zəmində separatizm yaratmaq maraqlarının olmasına inanmıram. Ancaq bu məsələ birmənalı olaraq Ermənistanın marağındadır. Azərbaycandan Moskvaya gedib orada erməni diasporalarının təsirinə düşüb onların süfrələrinin qır-qırıntısı ilə dolanan tək-tük vətən xainlərinin dili ilə Azərbaycan dövlətçiliyinin əleyhinə sərsəm fikirlər səsləndirənlər birbaşa İrəvandan və digər erməni mərkəzlərindən idarə olunurlar. Gün kimi aydındır ki, bu bir neçə vətən xaininin öncədən yazılaraq əllərinə verildiyi kağızdakıları səsləndirmələri ilə Azərbaycanda bu gün yaşayan heç bir xalqa az da olsun təsir edə bilməzlər. Çünki, buna münbit şərait yoxdur. Ancaq ermənilər bu alçaq hərəkətlərə əl atmaqla Qarabağı Azərbaycandan qoparmaq planlarına çalışırlar. Dünyada rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan daxilində başqa millətlərin, o cümlədən ermənilərin yaşamaları çətindir, mümkünsüzdür və s. Ancaq Azərbaycanda yaşayan bütün xalqlar, insanlar ermənilərin iç üzlərini yaxşı bildiklərindən, onların iyrənc məqsədlərinə yaxşı bələd olduqlarından heç zaman onların çaldıqları ilə oynamazlar". Rövşən Məmmədlinin sözlərinə görə, sözügedən konfransda Qarabağ problemi ilə Talışıstan problemlərinin paralel aparılması da səsləndirilib. O, bildirib ki, iddia olunanlardan fərqli olaraq Azərbaycanda heç bir Talışıstan problemi yoxdur: "Ona görə də belə bir "paralel"lik aparılması düzgün deyil. İkincisi isə ermənilər Azərbaycan dövlətinin köklü xalqı deyillər. Onların Azərbaycan mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Onlar bu mədəniyyətin həm oğruları, həm də qəbirqazanlarıdırlar. Bu gün Ermənistan adlanan Qərbi Azərbaycan hər bir
azərbaycanlının qədim yurdu, vətənidir. Ermənilər XIX əsrin əvvəllərindən başlayaraq bu günə qədər Rusiyanın dəstəyi ilə bura köçürülən xalqdırlar. Onların da başlıca məqsədi bu torpağa qədəm qoyan gündən Rusiyanın dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarında dövlət yaratmaq olub. Bizim bacarıqsızlığımız, səhlənkarlığımız, şəxsi marağı dövlət maraqlarından, ümumxalq maraqlarından üstün tutmağımızın sonucunda onlar Rusiyanın bilavasitə həlledici iştirakı ilə bu dövləti də yaratdılar.
Kamal