"Qarabağ və mədəni irsimiz" mövzusunda seminar keçirilib

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağ və mədəni irsimiz" mövzusunda seminar keçirilib. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, seminarda Gimnaziyanın müəllim heyəti və şagirdləri iştirak ediblər. Seminarı Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva açaraq MİRAS İctimai Birliyinin mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən qısa bəhs edib, Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlardan danışıb. Daha sonra Qarabağın, Xocalının mədəni irsindən bəhs edən "Xocalı vaxtı" filmi nümayiş olunub. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azıxdan başlayaraq Şuşa qalasına qədər Qarabağın maddi mədəni irsindən danışıb. Qarabağın türk yurdu olduğunu vurğulayan Fariz Xəlilli tarixdə izləri yalnız maddi-mədəniyyət abidələrində qalan çoxsaylı tayfalar və xalqların bu bölgədə yaşadığını qeyd edib. Məktəbliləri Azərbaycan tarixini yaxşı oxumağa çağıran Fariz Xəlilli xüsusilə Qarabağ tarixini, mədəniyyətini öyrənməli, öz yaşıdları arasında yaymalı olduqlarını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31