İtaliyada Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçirilib

İtaliyanın Verona Universiteti, Türkiyənin Səlcuq Universiteti və Azərbaycanın MİRAS İctimai Birliyinin təşkilatçılığı ilə Verona şəhərində Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, simpoziumda İtaliya, Türkiyə, Azərbaycan, Özbəkistan, Rusiya və digər ölkələrdən 70-dən çox elm adamının məruzələri dinlənilib. Eləcə də 60-dan çox elm adamının poster-məruzələri nümayiş etdirilib. Simpoziumda Azərbaycan Milli Elmlər Akademiyasının institutları, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Üzeyir Haçıbəyov adına Bakı Musiqi Akademiyası və digər elmi qurumları təmsil edən 30-dan çox elm adamı iştirak edib. Simpoziumda tarix, arxeologiya, etnoqrafiya, memarlıq, turizm, folklor, musiqi, ədəbiyyat və digər elm sahələrinə aid aktual mövzularda məruzələr edilib. Simpozium iştirakçıları 3 gün ərzində İtaliyanın Verona, Sirmione, Venesiya, Boloniya və Milan şəhərlərində tarixi-memarlıq abidələrini ziyarət edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31