Qlazqoda Azərbaycanın tarixi-mədəni irsindən danışılıb

Böyük Britaniyanın Qlazqo şəhərində Avropa Arxeoloqları Asossasiyasının 21-ci illik toplantısı keçirilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda Avropa və dünyanın digər qitələrini təmsil edən 1800-dən çox arxeoloq iştirak edib. Tədbir zamanı 20 bölmədə 1000-dən çox məruzə dinlənilib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, professor Qafar Cəbiyev, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, habelə Beynəlxalq YOCOCU Asossasiyasının prezidenti, kimya elmləri üzrə fəlsəfə doktoru Andrea Macchianın "Arxeoloji materialların interpretasiyası" problemlərinə həsr olunan bölmədə "Azərbaycanda Arxeoloji və Analitik Tədqiqatlar: Ağsunun orta əsr keramikası" mövzusunda müştərək məruzəsi iştirakçılar tərəfindən maraqla dinlənilib. Tədbir zamanı Qlazqo Universitetinin kitabxanasına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nəşrləri olan bir neçə kitab hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31