Niderlandda mərhum diaspor nümayəndəsi anılıb

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin ofisində birliyin yaradıcısı və fəxri sədri, tanınmış yazıçı-tərcüməçi, hüquqşünas Gülşən Lətifxanın xatirəsi anılıb, ruhuna ehsan verilib. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, anım mərasiminə Hollandiyanın bütün bölgə və şəhərlərində fəaliyyət göstərən ictimai birliklərin sədrləri, eləcə də Belçika səfirliyindən xanımlar qatılıb. Birliyin hazırkı sədri Mayisə Ağamirzəyeva qonaqlara qərib ölkədə göstərdikləri birlik və həmrəyliyə görə təşəkkürünü bildirib: O, bildirib ki, qadınların cəmiyyətdə rolunun artırılmasına önəm verdiyi üçün Gülşən Lətifxan 2004-cü ildə "Ana Vətən" Avropalı Qadınlar Birliyini yaradıb və Hollandiyadakı bütün qadınları birlik ətrafına toplayaraq böyük işlər görüb: "Sonralar səhhətində yaranana problemə görə birliyin sədriliyini mənə tapşırmışdı və artıq 4 ildir ki, qadınlarımızla birgə onun verdiyi məsləhətlər və göstərdiyi istiqamət üzrə yolumuza "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi adı altında davam edirik. İnanıram ki, onun bizə göstərdiyi inam və etibarı doğruldacaq və bundan sonra daha böyük işlərə imza atmaqla onun ruhunu şad edəcəyik".  Sonra Gülşən xanımla bağlı xatirələri olan insanlar onu andılar. Həyatının son dəqiqələrinə qədər Gülşən xanımın yanında olan jurnalist Elnaz Sangin, Hollandiyanın Maastrixt şəhərində fəaliyyət göstərən "Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik" təşkilatın rəhbəri İradə Uluxanlı mərhumla bağlı xatirələrini bölüşüb. Rotterdam şəhərindən gəlmiş Yasəmən Əkbərli ölümündən sonra Gülşən Lətifaxana xanıma ithaf etdiyi "Rəva görmə bizə bu ayrılığı" adlı şeirini oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31