“Müsavatın sonu görünmür”
Elşən Musayev: “Qubad İbadoğlu da öz tərəfdarlarını ətrafına yığırsa, Müsavat parçalanacaq”
29 Oktyabr 2014 15:16 SiyasətDemokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavatda fraksiyaların yaranacağı barədə yayılmış məlumatlara cavab verib. E.Musayev hesab edir ki, daxildə yaranacaq fraksiyalar partiyanın dağılması, oradan qopmaların çoxalmasına yola açacaq. Qarşıdurmaların Müsavatı tamamilə zəiflədəcəyini deyən DMP sədrinin sözlərinə görə, baş proseslərin kökündə keçmiş başqan İsa Qəmbərin qurultayda neytral qalmaması dayanır. Elşən Musayev qeyd edib ki, İsa Qəmbərin seçkilərdəki neytrallığı partiyanın gələcəyi üçün vacib idi: "Amma keçmiş başqa bu missiyanı həyata keçirə bilmədi. Birbaşa Arif Hacılıya dəstək verdi. Tural Abbasılının bu mənada aqressiyasını başa düşmək olar. Zaman-zaman bu adam kimlərinsə fitvasına getsə də hər halda gəncliyinin böyük bir hissəsini Müsavat üçün xərcləyib. Öz həyatını lazımsız insanlara, ideologiyaya, İsa Qəmbər kimi naşı siyasətçiyə sərf etdi. Tural Abbaslının yanması təbiidir. İndi Tural Abbaslının fraksiya yaratması həmin aqressiyanın, həmin acığın çıxılmasının təzahürüdür. Qubad İbadoğlu seçkidə kifayət qədər səs yığmışdı. Əgər İbadoğlu da öz tərəfdarlarını ətrafına yığırsa, bu o deməkdir ki, Müsavat 50-50-yə parçalanacaq. Bütün hallarda Müsavatın sonu görünmür. Partiya daxilində çoxlu sayda böyük və kiçik fraksiyalar yaranacaq. Müsavat AXCP-ın gününə qala bilər. Vaxtilə Xalq Cəbhəsində hər müavin özünüə bir partiya yaratmışdı. İndi Müsavat daxilində baş verən eyni proseslərin bütün günahı İsa Qəmbərin üzərindədir. O, Müsavatda despotizmi necə yaratmışdısa, şəxsiyyətinə pərəstiş rejimi yaratmışdısa, son nəticəsi bu olmalıydı". ("OLAYLAR" İA)