Müsavat:narazılar partiya quruculuğuna başladı

Tural Abbaslının arxasında Vurğun Əyyub var, Tovuz qruplaşması İsa Qəmbərə son zərbəni vurmağa hazırlaşır

Qurultaydan sonra Müsavat partiyasında yaranmış narazılıqlar getdikcə qızışır. Aruf Hacılının barış mesajları, kadr siyasəti narazıları yumşaltmayıb. Mətbuat  narazı müsavatçıların fraksiya yaratmaları barədə məlumat yayıb. Fraksiyanın əsas təşəbbüskarı qurultayda başqanlıq seçkisi zamanı namizəd olmuş Tural Abbaslıdır. Məlumat verilir ki,  Tural Abbaslı və tərəfdarları digər məğlub olan namizəd Qubad İbadoğlunun tərəfdarları ilə danışıqlara başlayıb.  Qubad İbadoğlu hazırda ölkə xaricində olduğu üçün səfərdən qayıtdıqdan sonra özü ilə danışıqlar aparılacaq.  Tural Abbaslı deyib ki,  açıq formada bu fraksiyada iştirak etmək istəsə, onun da adı açıqlanacaq. Razılıq verəcəyi təqdirdə, fraksiya həmsədrlik institutu əsasında fəaliyyət göstərəcək. Partiya daxilində yeni birliyin yaranma səbəbinə gəlincə, bildirilir ki, məqsəd başqan Arif Hacılının monopoliya və avtoritarizm qurmaq cəhdinin qarşısını almaqdır. Yeni fraksiyanın adı haqda konkret qərar verilməsə də, "Gənclər fraksiyası" adı ilkin variant kimi müzakirə edilir. Məlumata görə, yeni fraksiya yalnız nizamnamə çərçivəsində fəaliyyət göstərməyə çalışacaq. Birliyə narazı olan hər kəs - rayon təşkilat sədrləri, sərbəst Məclis üzvləri, ziyalılar, xanımlar və s. cəlb ediləcək. Fraksiyanın elan olunması üçün artıq qərar verilib. "Qubad İbadoğlu gəlsin, məsləhətləşək" söhbəti qeyri-ciddi səslənir. Tural Abbaslı düşərgəsində hər kəsə bəllidir ki, Qubad İbadoğlu prosesdə iştirak etməyəcək. Əslində bu, Tural Abbaslının deyil, Vurğun Əyyubun davasıdır.  Arif Hacılı ortada görünən fiqurdur. Dava İsa Qəmbərlədir. Vurğun Əyyubun təmsil etdiyi Qazax-Tovuz regional qrupu 20 illik sədaqətin qarşılığında İsa Qəmbərdən başqan postunu almaq istəyirdi. İsa Qəmbər Arif Hacılını seçincə, ortalıq qarışdı. Onlar hesab edir ki, İsa Qəmbər Arif Hacılını başqan, Qubad İbadoğlunu isə "narazı başqan adayı" seçməklə böhrandan çıxmağa çalışıb. Vurğun Əyyub və onun təmsilçisi Tural Abbaslı yaxşı bilir ki, Qubad İbadoğlu onlara qoşulmayacaq. Qurultaydan sonra uzunmüddətli xaricə səfər hər halda təsadüfi deyil. İbadoğlu sadəcə, narazılardan qopmaq istəyir. Yəqin ki, xaricdən gələndən sonra Qubad İbadoğlu prosesə qoşulmayacaq. Tural Abbaslı Vurğun Əyyubun dəstəyi ilə yola davam edəcək. Fraksiya yaratmaq partiya nizamnaməsinə zidd olduğu üçün sonu yoxdur. Vurğun Əyyubun rəhbərlik etdiyi regional qrup mümkün qədər Müsavatdan adam qoparmağa çalışacaq. Onların bəyanatında qeyd olunduğu kimi nüfuzlu funksionerləri, qadınları, gəncləri, rayon təşkilatı sədrlərini  fraksiyaya cəlb etməyə çalışacaqlar. Bəlli məsələdir ki, Arif Hacılı-İsa Qəmbər dueti buna razı olmayacaq. Onlar fraksiya üzvlərini bir-bir partiyadan uzaqlaşdırmağa çalışacaqlar. Proses eynilə AXCP-də, KXCP-də bir zamanlar yaşanmış hadisələrin oxşarıdır. Narazılar Müsavatdan çıxarılan kimi özlərini müstəqil partiya elan edəcəklər. Proses ona doğru gedir, yəqin ki, gələn il parlament seçkiləri ərəfəsində siyasi arenaya yeni partiya çıxacaq.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00