Paraşütdən yıxılanlar

"Moskvada aeroportdayam, işlərimlə əlaqədar ABŞ-a gedirəm. Hazırda kinorejissor kimi öz işimlə məşğulam. Heç vaxt siyasətlə məşğul olmamışam". Fikirlər Milli Şuranın sabiq sədri Rüstəm İbrahimbəyova məxsusdur. Səmimi etirafdır. Hərənin öz işi var. Məsələn, Çe Qevara deyirdi ki, inqilabçının işi inqilab etməkdir. Halbuki radikal müxalifət vaxtilə rejissoru az qala Fransa inqilabına öndərlik etmiş Valter səviyyəsinə qaldırmışdı. Haqqında məntiqə uyğun olmayan əfsanələr uydururdu. Ölkəyə qayıdan kimi 20 ildən çoxdur, fəaliyyətini dondurmuş müxalifətdən iqtidar düzəldəcəyi barədə bəzəkli məqalələr yazırdılar. Dilqəm Əsgərovun fotolarını "Feysbuk"-da profil şəkilləri edənlərə "saxta vətənpər" damğasını vuranlar vaxtilə İbrahimbəyovun rəngli pozalarından mozaika yaradırdılar. Milli Şuranın seçki marafonunu tənqid edənləri Rüstəm müəllimin adından sillə kimi istifadə edirdilər. Nə oldu? Halbuki rejissorun əlinin tərsi ilə vurduğu sillə daha gurultuluydu. Hava limanında tələsik səsləndirdiyi beş sözdən ibarət cümlə ən pis günlərini yaşayan müxalifət üçün ölümcül oldu. Romantik rejissorun film çəkmək üçün hazırladığı ssenarinin aktyorlarına çevrilmişlər susdular. Mirzə Sakitdən başqa heç kəs dinmədi. Çünki vaxtilə baş döndərən ssenariləri ilə onları göyə qaldırmış qoca rejissor birdən-birə aşağı buraxmışdı. Paraşütünün havada ikən açılmayacağını bilən desant yerə çırpılandan sonra öləcəyini dəqiq bilir. Kömək çağırışının yersiz olduğunu anlayır və susur. Bu susqunluq isə "islanmışın yağışdan nə qorxusu" məsələni xatırlatdı. AXCP və Müsavatın gərgin anlar yaşadığı bir vaxt İbrahimbəyovun atdığı sillə sadəcə məysuedici idi. Qəfil məyusluq tənqid üçün həmişə susqunluq yaradır. Qısa aradan sonra Rüstəm müəllimi xəyanət etməkdə ittiham edənlər də tapılacaq. Arı mürəbbəyə daraşan kimi "Feysbuk"-a tökülüşəcəklər. Lakin İbrahimbəyovun vurduğu zərbə müxalifətdə toz effekti yaradacaq. Sonuncu ümid közərtisi kimi baxdığı şəxsin ağılasığmaz fikirləri külək refleskilə AXCP və Milli Şuranın tozanağını çıxaracaq. "Vahid birlik" ideologiyasına xəyanət etmiş şəxsin "fəxri sədri" olduğu Milli Şura və ona yön verən AXCP-ın çevrəsində dayanmağı özlərinə utanc bilənlər tapılacaq. Və gedəcəklər. Axı o, belə təqdim edilməmişdi. "Böyük Azərbaycan inqilabının Valteri" olduğuna inandırılmışdılar. Necə yəni "heç vaxt siyasətlə məşğul olmamışam"?! Hələ uzun illər beş sözdən ibarət cümlə üzlərdə çox qızaracaq. Heç vaxt İbrahimbəyovu yox, ondan "siyasətçi" obrazı yaradanları qınayacaqlar. Çünki sənət adamının kariyerasının çalarlarını zənginləşdirməsi ahəngə uyğundur. Bu gün siyasi mövzulu "Milli Şura" filmi çəkən rejissor, sabah siyasətlə heç bir əlaqəsi olmayan İzzət Bağırovu ekranlaşdıra bilər. Ayıb deyil. Amma İbrahimbəyovun yaratdığı minlərlə obrazı ümumiləşdirib "siyasətçi" düzəltmək və bu adla onu sadəlövh insanlara sırımaq yaxşı deyil. Ayıbdır. Məhz bunu anlayanlar tapılacaq. Bir sual isə heç vaxt beyinlərdən silinməyəcək: necə yəni "heç vaxt siyasətlə məşğul olmamışam"?!.


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00