“Bələdiyyələrin statusu ilə bağlı heç bir problem yoxdur”

Siyavuş Novruzov: “Siyasi partiyalar üçün ən vacib seçkilərdən biri, məzh bələdiyyə seçkiləridir”

Artıq növbəti bələdiyyə seçkilərinə start verilib. Ölkədə fəaliyyət göstərən bir sıra siyasi qurumlar bələdiyyə seçkilərində iştirak edəcəkləri barədə açıqlama veriblər. 2014-cü ilin bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının seçki kampaniyası artıq rəsmi start götürüb. Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib. Növbəti seçki addımı bələdiyyələrə namizədlərin irəli sürülməsidir. İlkin məlumata görə, Yeni Azərbaycan Partiyası ölkədə bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir. Bu isə 15035 namizəd deməkdir. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2009-cu ilin bələdiyyə seçkiləri zamanı irəli sürdüyü namizədlər arasında gənclərin və qadınların sayının artırılması çağırışını növbəti bələdiyyə seçkilərində də davam etdirmək qərarına gəlib. O zaman Yeni Azərbaycan Partiyasının uğurlu seçki kampaniyasını aparan gənc və qadın namizədləri bələdiyyələrə seçilərək 2009-cu ildə formalaşan bələdiyyələrin tərkibində gənclərin və qadınların təmsilçiliyinin əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərə bilib. Ona görə də belə qərara alınıb ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olsun. Yeni Azərbaycan Partiyası bələdiyyələri və bələdiyyə seçkilərini gənclərin və qadınların ictimai - siyasi fəallığını yüsksəltməyin mühüm şərti hesab edir.Yeni Azərbaycan Partiyasında hesab edilir ki, partiyanın bütün namizədləri, o cümlədən, gənc və qadın namizədləri uğurlu seçki kampaniyası apara biləcək və bu dəfə də ölkə bələdiyyələrində sözügedən demoqrafik qrupların daha geniş şəkildə təmsil olunmasına layiqli töhfə verəcək. Onu da qeyd edək ki, bir sıra siyasi partiyalar iddia edirlər ki, bələdiyyələrin səlahiyyətləri yetərincə olmadığından belə bir seçkiyə qatılmağın əhəmiyyəti yoxdur. Üstəlik bələdiyyələr seçicilərə hesabat verməyərək yerli icra hakimiyyətlərindən asılı bir qurum görüntüsü yaradır. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, hazırda bələdiyyələrin statusu ilə bağlı heç bir problem yoxdur: "Bu gün bələdiyyələrin fəaliyyət istiqamətləri ilə bağlı kifayət qədər səlahiyyətləri mövcuddur. İcra başçılarının bələdiyyələrin işlərinə müdaxilə edilməsi ilə bağllı səsləndirilən fikirlər də tamamilə yalnışdır. Bilməyənlərə bir daha xatırlatmaq istəyirəm ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Hər bir siyasi partiya bələdiyyə seçkilərinə namizəd irəli sürməlidir. Hazırda Azərbaycanda 1607 bələdiyyə var. 1535 nəfər namizədliyini irəli sürməlidir". Onun sözlərinə görə, bələdiyyələrin gördükləri işlər barədə hesabat vermələri müsbət haldır: "Bələdiyyələr birbaşa məişət problemlərini həll edir, vətəndaş isə probleminin hansı formada həll olunmasını öyrənmək istəyir. Bu da onun haqqıdır. Odur ki, görülən işlər barədə hesabat vermək lazımdır. Bu hesabatlılıqda qorxulu məqamın nə olduğunu hələ də anlaya bilmirəm. Bələdiyyələrin işini müzakirə edənlərin əksəriyyətinin heç bələdiyyələrinin statusu barədə məlumatı da yoxdur. Bildiyimiz kimi, bələdiyyələrin məhəllə komitələri var. Həmin komitələr əhali ilə sıx təmasda olmalıdır. Söhbət bələdiyyələrin hamısını bir stadiona yığıb orada hesabat təqdim etməklərini gözləməkdən gedirsə təbii ki, bu mümkün olunası məsələ deyil. Sadəcə adıçəkilən komitələrin işçiləri binalarda, eləcə də həyətlərdə vətəndaşlarla görüşərək onlara hesabat verirlər. Axı bunun nəyi pisdir?". İcra katibi əlavə edib ki, hazırda partiyada bələdiyyə seçkiləri ilə bağlı proseslər gedir: "Bu gün bəziləri deyir ki, guya Yeni Azərbaycan Partiyasında bələdiyyələrə namizədlərin irəli sürülməsi üçün qırğın gedir. Hətta deyiblər ki, namizəd olmaq istəyənləri hədələyirik ki, bizim qərarımızdan kənar seçkilərə qatılsalar, onları partiyadan uzaqlaşdıracağıq. Bu kimi fikirlər səsləndirməklə yalnız bələdiyyələrin işini cılızlaşdırmaq, onun statusuna xələl gətirmək istəyi güdülür. Fikir versəniz görərik ki, siyasi partiyalar üçün ən vacib seçkilərdən biri, məzh bələdiyyə seçkiləridir. Çünki parlament və prezident seçkilərinə yalnız özləri və yaxın ətraflarının namizədlərini irəli sürürlər. Amma bələdiyyə seçkilərində sırf vətəndaşların problemlərini yaxından həll edən şəxslərin namizədliyi irəli sürülür. Bu gün Azərbaycanda bələdiyyələrin kifayət qədər fəaliyyəti var və bu, getdikcə daha da təkmilləşir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00