Millət vəkili Qarabağ tarixinin tədrisinin Bütöv Türk Tarixi ilə əvəzlənməsini təklif edir

"Son vaxtlar Qarabag tarixinin məktəblərdə ayrıca dərs kimi tədrisi ilə bağlı fikirlər səslənir. Mən güman eləmirəm ki, burda bir başqa məqsəd güdülür. Yaxşı mənada Dağlıq Qarabağın, ümumiyyətlə Qarabağ ərazilərinin tarixini tanıtmaqdan söhbət gedir. Amma hər halda biz bütün çıxışlarımızda, söhbətlərimizdə, atdığımız addımlarımızda çalışmalıyıq ki, Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etməyək". Bunu deyən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, Azərbaycan tarixinin tədrisində daha çox çalışmalıyıq ki, Bütöv Azərbaycan tarixi, hətta Bütöv Türk tarixi tədris olunsun: "Bununla bağlı Azərbaycan hökumətinin tərəfindən bir iradə vardır, bu istiqamətdə prezidentin göstərişləri, sərəncamları oldu. Belə məqamda ayrı-ayrı bölgələrin tarixinin tədris olunması məncə uyğun deyil". Millət vəkili "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" ifadəsini də düzgün hesab etməməsi fikrinə aydınlıq gətirib: "Daha çox rəsmi qəzetlərdə, saytlarda, dövlət rəsmilərinin ifadələrində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi sözünü işlədirlər. Güman edirəm ki, bununla hər kəs razılaşar ki, bunun özü də doğru ifadə deyil. Çünki Azərbaycan Konstitusiyasında göstərilir ki, Azərbaycan vahid unitar dövlətdir və Azərbaycan ifadəsi də işlənəndə onun tərkibində Naxçıvan da, Şəki də, Dağlıq Qarabağ da, Qarabağın başqa hissələri də təbii ki, getdiyinə görə, Ermənistan-Azərbaycan müharibəsinin adını olduğu kimi elə Ermənistan-Azərbaycan müharibəsi kimi səsləndirmək lazımdır. Belə məsələlərdən istifadə edib həm danışıqlarda Ermənistan tərəfi və ya beynəlxalq subyektlər Dağlıq Qarabağın da özünün bir subyekt kimi danışıqlarda müstəqil iştirakını tələb etməsi halları ilə rastlaşırıq. Və yaxud Avropa təsisatlarında, hətta dinləmələrdə Dağlıq Qarabağ nümayəndə heyyətinin oturmasını istəyənlər olub. Biz Yerevanda Avronestin sessiyasında iştirak edəndə orda Dağlıq Qarabağ nümayəndəliyi üçün ayrıca yer ayırmışdılar. Doğrudur biz bunun qarşısını aldıq. Ermənistan tərəfindən bu başa düşüləndir, amma başqa yerlərdə, müzakirələrdə bu deyimin istifadə olunması, seminarlarda, konfranslarda yolverilməzdir. Biz nəinki özümüz bu ifadəni işlətməməliyik, hətta Azərbaycan nümayəndəliyinin iştirakı ilə keçirilən tədbirlərdə bu məsələlərə mütləq reaksiya vermək lazımdır və məncə bu ifadə birmənalı şəkildə götürülməlidir ki, siyasi kursumuza zərər gəlməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00