“Bir az cürətli danışdım, amma düz danışdım”

Parlamentin oktyabrın 28-də keçirilən plenar iclasında Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində keçirilən "məhkəmə" prosesi müzakirə edilib. İclasda Avropa İnsan Haqları Məhkəməsi və digər təşkilatlara müraciət edilməsi və onların hüquqlarının müdafiəsinin təşkil olunması təklif olunub. Digər millət vəkili İqbal Ağazadə Milli Məclisin sədrindən azərbaycanlı girovların hüquqlarının müdafiəsi üçün özünün deputat olaraq beynəlxalq təşkilatlar vasitəsilə göndərilməsini istəyib: "Onlar üzərində qondarma "məhkəmə" keçirilir. Biz heç olmasa çalışıb onların hüquqlarının normal müdafiəsini təşkil etməliyik. Düşünürəm ki, onların hüquqlarının müdafiəsini təcili təşkil etməliyik". Millət vəkili Qənirə Paşayeva da öz növbəsində bildirib ki, azərbaycanlı girovlara orada ağır işgəncələr verilir: "Hətta onların üzərində oyuncaq "məhkəmə" keçirilir. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməliyik. Onlara verilən işgəncələrlə bağlı lazımi beynəlxalq təşkilatlar qarşısında tələb qaldırmalıyıq. Əks halda, görünən odur ki, ermənilərin azərbaycanlı girovları buraxmaq niyyəti yoxdur". Vitse-spiker Bahar Muradova isə azərbaycanlı girovlar məsələsinin bu gün ağrılı və vacib olduğunu deyərək, onların üzərində qurulan "məhkəmə"ni hüquqi cəhətdən tanıyıb ora vəkil göndərilməsinin əleyhinə çıxıb: "Təbii ki, biz öz təhlükəsizliyimizi düşünmədən bir soydaşımız olsa belə, ən çətin məqama qədər gedə bilərik. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Lakin ümumi mövqeyimizə xələl gətirən fikirlər səsləndirməkdən uzaq olmalıyıq". Millət vəkili Fərəc Quliyev "Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi" ifadəsinin işlədilməsini tənqid edib və bu ifadənin Azərbaycanın diplomatik fəaliyyətində ciddi problemlərin yaradacağını bildirib. Fikrini arqumentlərlə izah edən deputat deyib ki, bu muharibənin adı "Ermənistan-Azərbaycan müharibəsi"-dir və bu cür də ifadə olunmalıdır. Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən təqdim olunub. Onun sözlərinə görə, yeni layihədə vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılıb: "Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək". Dəyişikliklərə əsasən fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 iş günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq. Kartın üzərindəki məlumatlarda səhv olduqda həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək. Yeni layihəyə əsasən, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çip) vətəndaşın gözlərinin rəngi əlavə edilməyəcək. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib. "Bələdiyyələrin statusu haqqında" qanun layihəsi barədə parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən 1700 bələdiyyənin hamısı Milli Məclisdə hesabat verə bilməz. Əlavə edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyələrin fəaliyyətinə xitam verməsi düzgün deyil. "Mərkəzi Seçki Komissiyasına elə bir səlahiyyət verilməyib ki, bələdiyyələrin fəaliyyətinə xitam versin". Deputat Qalib Salahzadə isə deyib ki, Bakı bələdiyyələrin xəritəsi yoxdur. O, qarşıdan gələn bələdiyyə seçkisi barədə tənqidi fikir səsləndirib: "Onsuz da bilirik ki, kimlər bələdiyyə seçiləcək. Burda təəccüblü bir şey yoxdur. Bütün deputatlar da bilir ki, kim bələdiyyə sədri olacaq. Bir az cürətli danışdım, amma düz danışdım". Deputatın bu fikri deputatlar arasında gülüşlə qarşılanıb. Deputat Arif Rəhimzadə isə Qalib Salahzadənin cavabını verib. O bildirib ki, bələdiyyələrə qarşı bu cür ifadələri işlətmək olmaz: "Biz onlara hüquqi qiymət verə bilmərik. Hələ bir seçki keçirilsin və sonra kimin necə seçiləcəyinə hüquqi qiymət veriləcək".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00