Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir

İlham Əliyev: “Gənclər siyasəti Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir”

Bu günlərdə Azərbaycan daha bir beynəlxalq tədbirə evsahibliyi edir. Belə ki, Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir. Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində forum öz işinə başlayıb. Forumu BMT Baş katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi açıb. O, Azərbaycanın belə bir mötəbər tədbirə evsahibliyi etməsini yüksək dəyərləndirib. Azərbaycanda gənclər siyasətinə ciddi diqqət ayrıldığını deyən Əhməd Əlhəndavi müntəzəm olaraq ölkəmizdə gənclərlə bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsini buna misal kimi göstərib. Daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin forum iştirakçılarına məktubu oxunub. Dövlət başçısının məktubunu tədbir iştirakçılarının diqqətinə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çatdırıb. Məktubda dövlət başçısı forum iştirakçılarının diqqətinə çatdırıb ki, gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir: "Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb. Son illər aparılan ardıcıl islahatlar sayəsində ölkə iqtisadiyyatı sürətli inkişaf yoluna qədəm qoyub, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun və işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Təhsil, səhiyyə, mədəniyyət və idmanın maddi-texniki bazası möhkəmlənib, cəmiyyətdə davamlı sabitlik bərqərar olub, əsrlər boyu xalqımıza xas olan qonaqpərvərlik ənənələri və tolerantlıq mühiti daha da dərin kök salıb". Prezident bildirib ki, gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialın üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılıb: "Sosial-iqtisadi inkişafın sürətləndirilməsi və mükəmməl infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla qurulan ikitərəfli və çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sayəsində qazanılmış zəngin təcrübə son illər Azərbaycanın region, qitə və dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına və idman yarışlarına ev sahibliyi etməsinə imkan verib". Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Gənclər siyasəti üzrə 1-ci Qlobal Forum da həmin tədbirlər sırasında layiqli yer tutacaq: "Biz forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsində təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti olacaq, səmərəli müzakirələrlə yadda qalacaq. Forumun işinə uğurlar, hər birinizə möhkəm can sağlığı arzu edirəm". Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O, tədbirin əhəmiyyəti barədə danışaraq, Foruma dünyada böyük diqqət və maraq göstərildiyini qeyd edib. Nazir ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə məlumat verib. O, qonaqların Bakını gəzib, şəhərimizin gözəlliyi ilə tanış olacaqlarına ümid etdiyini deyib. Sonra BMT-nin baş katibi Pan Gi Munun tədbir iştirakçılarına ünvanladığı videomüraciət göstərilib.
Qeyd edək ki, forum çərçivəsində "Gənclər üzrə Beynəlxalq Faəliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar", "Müasir gənclər siyasətinin əsas elementləri" və "Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər" mövzularında plenar iclaslar keçiriləcək. 156 ölkənin nümayəndələrinin iştirak etdiyi Forum oktyabrın 30-dək davam edəcək. Sonda Bakı bəyannaməsinin qəbulu gözlənilir.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00