“ABŞ və Fransa Dağlıq Qarabağ məsələsində Rusiyaya qarşı birləşir”
Elçin Mirzəbəyli: “Ermənistan həqiqətən böyük sülh sazişinə razılıq veribsə, bu məsələnin Rusiyada qərarlaşdırılması deməkdir”
28 Oktyabr 2014 15:00 SiyasətAzərbaycan və Ermənistan prezidentləri fransalı həmkarı Fransua Ollandın böyük sülh sazişi təklifini qəbul etdilər. Lakin Azərbaycandan fərqli olaraq Avrasiya İttifaqının üzvü olan Ermənistanın bu qərarı birmənalı qarşılanmadı. Siyasi analitiklər Rusiyanın təsir dairəsində olan Ermənistanın müstəqil şəkildə belə bir qərara getməsinə şübhə ilə yanaşdılar. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində Rusiyadan fərqli mövqe sərgiləmək imkanında deyil. E.Mirzəbəylinin sözlərinə görə, Ermənistan həqiqətən böyük sülh sazişinə razılıq veribsə, bu məsələnin Rusiyada qərarlaşdırılması deməkdir: "Əks təqdirdə bu İrəvanın növbəti manipuliyativ hərəkətləri kimi dəyərləndirilə bilər. Çünki Avropa İttifaqı ilə assosiativ sazişin imzlanmasından imtina etdikdən sonra həm daxildə, həm də beynəlxalq aləmdə Ermənistana qarşı təzyiqlər artdı. Ermənistan həmin təzyiqlərdən yan keçmək üçün məsələdə daha konstruktiv mövqe nümayiş etdirdiyini sərgiləyə bilər. Amma bunun nə qədər real əsaslarının olduğunu demək çox çətindir. Çox güman ki, yaxın bir neçə ay ərzində Ermənistanın əsl mövqeyi ortaya çıxacaq". "Həll prosesində əsas tərəfin Rusiya olduğu iddiasının ortada olduğu vaxt, Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllindəki səyləri effekt verə bilərmi" sualına cavabında isə Elçin Mirzəbəyli: "Münaqişənin həllində irəliləyişlərin əldə olunması proseslərdən asılıdır. Təbii ki, məsələnin həllində əsas faktor Rusiyadır. Moskva isə bundan əvvəl bir sıra məsələlərdə öz mövqeyini ortaya qoydu. Bunun qarşılığında Fransa və ABŞ həll prosesində birlik nümayiş etdirmək niyyətindədir" - deyə qeyd edib. ("OLAYLAR" İA)