“Müsavatın parçalanması gözləniləndir”
Rafael Becanov: “Partiyanın proqramı ilə bağlı müzakirələrdə milli və liberal qüvvələr arasında fikir ayrılığı yarandı”
28 Oktyabr 2014 14:20 Siyasətİnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rafael Becanov Müsavat Partiyasında baş verən proseslərə münasibət bildirib. R.Becanov partiya daxilində baş verənlərin yeni olmadığını deyib. QHT sədri hesab edir ki, proseslərin kökündə fundamental problemlər dayanır: "İndi həmin problemlər bu şəkildə özünü büruzə verir. Proseslər nə qurultay, nə də başqanın kim olması məsələsindən qaynaqlanmır. Müsavatda cərəyan edən hadisələr 1995-ci ildə də olumuşdu. Müsavatın proqramı ilə bağlı müzakirələrdə milli və liberal qüvvələr arasında fikir ayrılığı yarandı. Liberalların ortaya çıxması ilə milli qüvvələr Müsavatın siyasi həyatından geri çəkildilər. Uzun illərdir ki, onların fəaliyyəti nəzərə çarpmır. İndi də həmin situasiya yaranıb. Nəticədə Müsavatın parçalanması və partiyada yeni fraksiyaların yaranması da gözləniləndir. Müsavatda yaranmış əsas problemlərdən biri də öz siyasi fəaliyyətində imkanlarını realizə etməməsidir. İmkanlarını realizə edə bilməyən partiyalarda bu cür hadisələrin baş verməsi labüddür. Partiya daxilindəki qüvvələr Müsavatın çıxış yolunu dəstəklədikləri adamların başqan olmasında görürlər. Lakin bu da partiyasının xilası üçün ideal variant deyil". ("OLAYLAR" İA)