Müsavatdan qopmalar davam edəcək
Bu proses Arif Hacılı liderə çevrilənə qədər gedəcək
27 Oktyabr 2014 14:55 SiyasətMüsavatın başqanlığına keçmiş namizəd, partiyadakı narazı qanadın titullu fiqurlarından biri Səxavət Əlisoy maraqlı açıqlamalarla çıxış edib. Onun fikrincə, Arif Hacılının başqan postuna seçilməsi İsa Qəmbərin istəyi ilə mümkün olub. Əlisoy yazır: "Arif Hacılı müsavatçıların projesi deyildi. Çünki müsavatçıların Hacılı zehniyyətinə "stavka" etməsi mümkün deyil. Müsavatda ona etimad göstərənlər maksimum 10-15 faiz olar. Etimad göstərilsəydi, 3 səslə yox, ən azı 10 faiz səslə qalib gələrdi. Hacılı İsa Qəmbərin projesi idi. Məhz İsa Qəmbərin dəstəyi sayəsində Hacılı çox çətinliklə qələbə çaldı. Bu gün Müsavatın mətbəxinə az-çox bələd olanlar gözəl bilir ki, bütün zamanlarda, xüsusən 2003-cü ildən sonra Hacılını piyasada saxlayan məhz İsa Qəmbər olub. Hacılı İsa Qəmbərsiz siyasi arenada duruş gətirmək iqtidarında deyil. İsa bəy bu gün onun arxasından çəkilsə, Hacılı 2006-cı ildə olduğu kimi partiyadan getmək barədə qərar qəbul edər". Əlisoyun fikirlərində həqiqət var. Arif Hacılı İsa Qəmbərin də daxil olduğu qrupun, siyasi çevrələrdə və mətbuatda "Dərin Müsavat" adlanan qrupun iradəsi ilə başqan oldu. Bu qrupa İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu daxildilər. Onların məqsədi Müsavatda Rusiyasayağı, Putin variantı ilə rəhbər dəyişiklliyinə nail olmaq, ancaq partiyanı nəzarətdə saxlamaq idi. Əlisoy bir şeyi doğru demir ki, Arif Hacılı siyasətdə təsadüfi adamdır, İsa Qəmbər olmasa bitər. Bu sözlər Əlisoyun Hacılıya qarşı qısqanclığından irəli gəlir. Düzdür, 2006-cı ildə Arif Hacılı Müsavatı tərk etmək istəyib və İsa Qəmbər, Rauf Arifoğlu onu partiyadan getməyə qoymayıb. Ancaq o zaman Məclis sədri Sülhəddin Əkbər olduğu üçün Hacılı küsərək bu addımı atmaq istəyirdi. Lakin o qaldı, rəqiblərinə qalib gəldi və rəqibləri:Sülhəddin Əkbər, Qabil Hüseynli, İbrahim İbrahimli partiyanı tərk etmək zorunda qaldılar.
Arif Hacılının başqan olacağı bir neçə il bundan öncə bəlli idi. S.Əkbər başda olmaqla bir qrup şəxs partiyadan elə buna görə getdilər. İsa Qəmbər Almaniyaya Hacılı ilə birgə səfər etmişdi, o zaman rəqibləri bildi ki, İsa Qəmbərin seçimi o olacaq. Ancaq başqan bunu ustalıqla etdi. Heç kimə dəstək vermədi, əksinə yaxınları, qohumları Qubad İbadoğluna səs verdilər. Hətta Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də Arif Hacılıya dəstək vermədi, İbadoğlunu müdafiə etdi. Qurultayda İsa Qəmbər özünü tərəfsiz göstərsə də, ona, "Dərin Müsavat"a kimin başqan olacağı bəlli idi. Bu qrupa daxil olan şəxslərin heç biri Vurğun Əyyubu istəmirdilər. Qubad İbadoğlu isə Vurğun Əyyubun, onun sabit elektoratının adayı idi. Bu gün İbadoğlu artıq məğlubiyyətini qəbul edib, Hacılı ilə mübarizəni davam etdirməkdə maraqlı görünmür. Yalnız Vurğun Əyyub və ona yaxın şəxslər "silahı" yerə qoymaq niyyətində deyil. Artıq Vurğun Əyyuba yaxın olan şəxslər gücü çatdıqları qədər Müsavata zərbə vurmaqda davam edirlər. Qara Tofiq və Müsavatın Tovuz təşkilatındakı vurğunçular partiyanı tərk ediblər. Bu, artıq o deməkdir ki, yaxın vaxtlarda Vurğun Əyyub da Müsavatı tərk edəcək. Çünki onun Müsavatda heç bir perspektivi qalmayıb. Hətta Səxavət Əlisoy belə özünə təşkilat yaradıb Müsavatda özünün perspektivini görmürsə, Vurğun Əyyub da partiyada qalmayacaq. Ancaq Arif Hacılının, onu başqan postuna gətimiş qrupun da işi yaxşıə getmir. Arif Hacılı sədrdən liderə çevrilənə qədər Müsavtdan qopmalar davam edəcək.
Ərhun Abbas