Radikal müxalifətin inqilab anlayışı

Keçən 20 il ərzində heç biri ayrı-ayrılıqda da öz dairəsindəki narazı elekoratın sonuncu ümid foulu belə olmayıblar

Azərbaycanın radikal müxalifət liderləri tez-tez çıxışlarında ölkədə inqilabi mühitin yarandığını iddia edilər. 20 ildən çoxdur, "tezliklə" ölkənin siyasi həyatında dəyişikliyin olacağını deyirlər. Belə fikirləri Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və xüsusilə AXCP funksionerlərinin dilindən eşidirik. Radikal cəbhə nümayəndələri mətbuatda çıxış etdiyi yazıları ilə Kuba və Fransa inqilablarına da istinad edirlər. Ernesto Çe Qevara, Fidel Kastro və Jan Pol Marat kimi inqilabçılardan sitat gətirirlər. Öz liderlərini həmin şəxslərlə eyni tərəziyə qoyub çəkirlər. Sual yaranır, həqiqətən Azərbaycanda inqilab mühiti yetişib? Birmənalı şəkildə xeyr! Məsələn, Əli Kərimlinin nə vaxtsa tarixə adını ikinci Fidel Kastro kimi yazdırmaq şansı var? Yenə də yox! Ona görə ki, radikal müxalifətin ətrafında nə siyasiləşmiş, nə də inqilabiləşmiş kütlə var. Heç biri yoxdur.

Kuba inqilabı və bizim müxalifət

Müxalifətin istinad etdiyi Kuba inqilabı xalqlar üçün həmişə maraq mövzusu olub. ABŞ-ın qulağının dibində olan ölkədə çevrilişin necə uğur qazanması da maraqlıdır. Fidel Kastronun qalibiyyəti Amerika də üçün sürpiz idi. Kastronun devrilməməsi də sual yaradan məsələdir. ABŞ-ın işğal cəhdləri, SSRİ-nin dəstəyindən məhrum olması, beynəlxalq və daxildəki Batista tərəfdarlarının təzyiqləri qarşısında Kubanın inqilabi hökuməti ayaqa qalxdı. Kastro ölkəsini ağır iqtisadi böhrandan da üzüağ çıxardı. Kuba inqilabının zəfər qazanmasında rol oynayan mühüm faktorlar: planlaşdırma, zəncirvari təşkilatlanma, ən çətin şərtlər daxilində müqavimət və ən əsası da kütlələrlə sistemli fəaliyyət idi. Kastro uğur qazanmaq üçün daim axtarışlar içərisində olan lider olub. Eyni zamanda inqilabi komitələrdə xəyanət edənlərə qarşı güzəştsiz lider. Çe və Kastronun axtarışları, riskləri zaman-zaman cəmiyyət tərəfindən mənimsənildi. Çevriliş üçün gətirdikləri arqumentlər daha inandırıcı görünürdü. Eyni zamanda xalqla mükəmməl ünsiyyət yaratmışdılar. Ernesto Çe Qevara və Fidel Kastro düşüncələrinə müsbət reaksiya verən kütlənin dinamik inkişafı ilə böyük enerji çevrilişini yaratdılar və Batistanı devirdilər. Kuba inqilabının 3 əsas şərtindən biri bu idi: "Xalq gücü istənilən halda qalib gələ bilər". İnqilabçı lider cəsarətli olmalıdır. Çevriliş yaradan şəxsin ideoloji motivləri olmalıdır. Kütləni yaratmaq istədiyi inqilabın ideoloji və siyasi rənglərinə çevirməlidir. Bu xüsusi bacarıq tələb edir. Əks təqdirdə gəmiyə könülsüz minən kapitanı dalğa öz suyunda boğacaq. İnqilabçının yalançı populist xarakteri olmamalıdır. Əksinə kollektivçi yönü ilə qüvvətli təsir dairəsi içində inandırmalıdır. Kollektivçilik şüuru zəfərin əsas açarıdır. Azərbaycan müxalifətində isə fərdiyyətçilik meylləri çox güclüdür. Nümunə: seçki üçün müxtəlif partiyalardan yaradılmış Milli Şuranın ən kiçik hissələrə parçalanması. Bu aspektdən, Milli Şuranı yaradanlar daha çox Kim Çen İnə yaxındırlar. El məsəli ilə ifadə etsək, birinin loğması digərinin qursağından keçmir.

Fransa inqilabı və Milli Şura

Fransa inqilabı da xalqın iştirakı ilə ziyalı təbəqənin tanıdığı missiya idi. Fransadakı çevriliş kütlələrin və ziyalıların demokratik dəyərlərə sonuna qədər sahib çıxmasının praktiki və nəzəri şərhini verir. Russonun ictimai iradənin formalaşması üçün irəli sürdüyü mülahizələri, Buffonun əxlaq kateqoriyaları, Volterin laisizmi və kilsəni kökündən laxladan anlamlı dini yanaşması, Diderotun materializmi Fransa inqilabına yetkin ideoloji təməl təqdim etmişdi. Bundan fərqli olaraq, Rüstəm İbrahimbəyov tez aradan çıxdı. Çünki, İbrahimbəyov nə Russo, nə Buffon, nə də Diderot deyildi. Müqayisə də edilmədi. Feodal rejimin "milli ülgüc"ü (gilyotin) Fransa inqilabın platformasını dağıda bilmədi. Zəfər qazandı. Lakin Milli Şuranı onu yaradanların özü dağıtdı. Çünki, İbrahimbəyovdan fərqli olaraq, Fransa inqilabında ziyalıların rolu böyük idi. Ziyalı-xalq təşkilatlanması vardı. İnqilabda xalq və ziyalıların ortaya atdığı demokratik dəyərlərin və sosial ədalət prinsipinin sonadək müdafiəsi vardı. Yaxud Uqo Çavesin Venesuela  idarəçiliyinin əsas özəyini "Barrio" adlanan yoxsul təbəqə təşkil edirdi. Çavesin yürütdüyü siyasətdə böyük kütlələrin iştirakı vardı. Çaves xalqın nəzərində diktator kimi görünməmək üçün ölkə başçısı olduqdan sonra ən əhəmiyyətli qərarları Konstitusiyanın, yəni xalqın öhdəliyinə təqdim etdi. Əli Kərimli isə partiyada vəzifələri şəxsi istəklərinə görə, təyin edir.

Şizofrenik yuxu

Nə Əli Kərimlinin, nə İsa Qəmbərin, nə də Arif Hacılının inqilabi lider xarakteri var. Yoxdur. Onlar dağlara çəkilmiş "saqqallı partizan" ola bilməzlər. Çünki liderlik keyfiyyətləri yoxdur və heç vaxt da narazı kütlənin hərəkətverici qüvvəsi ola bilməzlər. Keçən 20 il ərzində heç biri ayrı-ayrılıqda da öz dairəsindəki narazı elekoratın sonuncu ümid foulu belə olmayıblar. Çünki inqilabçı kütləni şəxsi düşüncələrindən, qorxalqlıq instinktindən qoparmalıdır. Bu böyük bacarıq tələb edir. Kastroda bu vardı, Əli Kərimlidə isə yox. Əli Kərimli Fidel Kastrodan fərqli olaraq, ön mühakimələrdən yaxa qurtara bilmir. Çünki fəaliyyəti şəffaf deyil. Daha zəif şəxsiyyətdir. Kastro parlaq inqilabın müvəffəqiyyəti, Kərimli isə məğlubiyyətin kimliyidi. Onun Fidel kimi inqilabın təəccüb yaradacaq dayanıqlılığı da yoxdur. Heç vaxt qalıcı olmayacaq. Kastronun qələbə qazanmasında ürəkdən olmasının da payı böyük idi. Azərbaycanın radikal cəbhəsinin lideri sayılan şəxslərin isə qorxaq, öndərlik keyfiyyətlərinə xas olmayan simaları var. İnqilab hazırlayan şəxs heç vaxt partiyasını qazanc mənbəyinə çevirməməlidir. Boğazı ilə qarnı arasındakı qısa məsafədə hökm edən adam susmalıdır. Yaxud, bütün gününü yatıb, ayılandan sonra gördüyü yuxuya "inqilab" adı verib, kütləni buna inandırmağa çalışması şizofreniya əlamətidir.


Mənsur
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00