Erməni girovluğunda olan azərbaycanlıların həyatı təhlükədə
İlkin ehtimallara görə, Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni dustaqlarla bir yerdə cəza çəkəcəklər
27 Oktyabr 2014 13:35 Siyasətİyul ayında Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda erməni silahlı birləşmələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun oktyabrın 27-də qondarma "məhkəməs"i başlanıb. Dağlıq Qarabağdakı separatçı rejimin təşkil etdiyi "məhkəmə" prosesi hakim Anatoli Tadevosyanın sədrliyilə Xankəndidə keçir. Azərbaycan tərəfi girovların qaytarılması ilə bağlı dəfələrlə cəhd etsə də Ermənistanı mövqeyindən geri qaytarmaq mümkün olmayıb. Bu tip problemlərin həllində daha aktiv mövqe nümayiş etdirməli olan Beynəlxalq Qızıl Xaç Komitəsinin məsələyə səthi münasibəti var. Məsələ ilə əlaqədar mətbuata açıqlama verən BQXK-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qurumun girovların məhkəməsilə bağlı şərh vermədiyini bildirib. İ.Hüseynova qeyd edib ki, komitə bununla bağlı məlumat mənbəyi deyil. O, eyni zamanda yaxın günlərdə girovlara baş çəkilmədiyini də açıqlayıb. Məsələ ilə əlaqədar Rusiyadan da hansısa açıqlama gəlməyib. Çünki "təxribatçılıq"-da ittiham olunan Şahbaz Quliyev və Dilqəm Əsgərov Rusiya vətəndaşlarıdır. Əgər beynəlxalq təşkilatlar məsələyə qarşı tezliklə obyektiv qiymət verməsələr girovlar həyati təhlükəli üzləşəcəklər. İlkin ehtimallara görə, qondarma məhkəmə Quliyev və Əsgərova ömürlük həbs cəzası verəcək. Belə olan halda onların azad olunması bir qədər də çətinləşəcək. Çünki məlum səbəblərə görə, Ermənistan və Azərbaycan arasında heç bir əlaqə yoxdur. Ümid Rusiyaya qalır ki, bu tərəfin də məsələyə hüquqi qiymət verəcəyi inandırıcı deyil. Ən azından Rusiya bunu öz daxili işi kimi qiymətləndirib girovların həbsdə qalmasına göz yumacaq. Digər ehtimallarda isə Şahbaz Quliyev və Dilqəm Əsgərovun həbsxanada erməni dustaqlarla bir yerdə cəza çəkəcəyi istiqamətindədir. Bu isə ölüm hökmünün qadağan edildiyi Ermənistanda girovlara edam cəzasının verilməsi deməkdir. Nə qədər gec deyil, beynəlxalq qurumlar məsələyə öz hüquqi qiymətlərini verməlidirlər. Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş digər mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Ermənilərin təxribatçı adlandırdığı Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə "maddə" ilə ittiham olunurlar. ("OLAYLAR" İA)