Prezidentlər Parisdə görüşür
Görüşün yekununa dair birgə bəyanatın imzalanması gözlənilir
27 Oktyabr 2014 12:33 SiyasətAzərbaycan və Ermənistan prezidentləri bu gün Parisdə görüşəcəklər. Baş tutacaq danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparılacaq. Danışıqlar Fransa prezidenti Fransua Ollandanın təşəbbüsü ilə baş tutacaq. Anspress-in məlumatına görə, dövlət başçıları Parisdə görüşməyə bu ilin may ayında razılıq veriblər. Fransua Olland bu gün əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrı-ayrı görüşəcək. Sonra görüşlər üçtərəfli formatda davam etdiriləcək. Üçtərəfli görüş Yelisey sarayında keçiriləcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı bildirilir. Erməni mətbuatınbaın yazdığına görə, görüşün yekununa dair birgə bəyanatın imzalanması gözlənilir. Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannamə imzalamasına nail olmağa cəhd göstərir. Xatırladaq ki, 20 ildən çoxdur davam edən danışıqlar prosesi ərzində Azərbaycan və Ermənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə görüşən prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqqında müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar. Lakin Mayndroff bəyannamə münaqişənin nizamlanmasına dair razılaşmanın əldə olunmasına kömək etməyib.