Müsavat:repressiya tərəfdarları geri çəkildi
Arif Hacılı təmizləmə olmayacağını dedi
24 Oktyabr 2014 15:13 SiyasətArif Hacılı tərəfdarlarının qurultaydan sonra yeni başqanı qəbul etməyən narazılara qarşı sərt cəza tədbirlərinin görülməsi tələbi dəstək qazanmadı. Mətbuata açıqlama verən Arif Hacılı narazılara qarşı cəza tədbirlərinin olmayacağını deyib. Xatırladaq ki, Hacılının ən sadiq tərəfdarlarından vəkil Osman Kazımov Nizamnamədən kənar addım atanların, "partiyanı parçalamağa çalışanlar" ittihamı ilə Müsavatdan qovulmasını vacib saymışdı. Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də təxminən belə bir təkliflə çıxış etmişdi. M.Hacıbəyli narazıların cəmi 15 nəfər olduğunu demiş və bu balaca qrupun əsas fəallarının Müsavatdan uzaqlaşdırılmasına təhrik etmişdi. Lakin Arif Hacılı hər iki şəxsdən daha təcrübəlidir və bilir ki, bu situasiyada sərt addımlar doğru olmaz. Müsavatın və İsa Qəmbərin təcrübəsində bu cür hallardan ən yaxşı çıxış yolu səbr etmək və narazıları partiyada pozuculuq işi aparanlar kimi qələmə verib, ictimai rəyin mühakiməsinə verməkdir. Düzdür, indi Müsavat əvvəlki gücdə deyil. Heç Arif Hacılı da İsa Qəmbərin məqamında və əski gücündə deyil. İsa Qəmbər Müsavat başqanı postuna mütləq əksəriyyət tərəfindən seçilirdi. Arif Hacılı özündən qat-qat təcrübəsiz Qubad İbadoğluna cəmi 28 səs üstünlüyü ilə qalib gəlib. O, başqan postunda özünü narahat hiss edir. Arxasında o qədər də güc yoxdur. Onun ətrafındakı sadiqlər partiyanı idarə edə biləcək şəxslər deyillər. Ona görə də Hacılının tək yolu səbr etmək, proseslərin sonunu gözləməkdir. Qarşıdan Məclisin toplantısı gəlir. MNTK, Məclis tam tərkibdə formalaşmayıb. İndi Hacılı daha çox ona çalışmalıdır ki, narazıları MTNK və Məclis üzvlüyünə seçdirməklə, onların sırasını seyrəltsin. İndiki situasiyada cəza tədbirlərinin aparılması Müsavatın dağılması ilə sonuclana bilər. Nə qədər ki Arif Hacılı sədrlikdən liderliyə yüksəlməyib, İsa Qəmbərin, Pənah Hüseynin, Rauf Arifoğlunun dəstəyinə bel bağlamalıdır. Maraqlıdır ki, onlar da qarşı tərəflə qarşıdurmaya getməyin tərəfdarı deyil. Yeni başqanı sərt addımlardan bir də ona görə çəkinir ki, Müsavatda baş verənləri AXCP də körükləyir. Əli Kərimlinin qara piar maşını, təbliğat ruporları marıqda dayanıb, narazıları danışdırır, Arif Hacılı, İsa Qəmbər haqqında əks-təbliğat aparırlar. Arif Hacılının xırda bir səhvi AXCP sədrinin əlinə fürsət verə bilər. Ancaq Arif Hacılı sərt addımlara əl atacaq. Çünki narazıların davranışları bir zamanalr AXCP-də klassiklərin, KXCP-də isə fraksiyaçılarn hərəkətlərinin eynisidir. Klassiklər rayon şöbələrinin əksəriyyətini ələ keçirsələr də, "Yurd"un nəzarətində olan Rəyasət Heyəti onlar barəsində sərt addımlardan çəkinmədi. Müsavatın yeni başqanına tabe olmasalar, Qubad İbadoğlu və Vurğun Əyyub tərəfdarlarının aqibəti də elə olacaq. Arif Hacılı güclənən kimi ipə-sapa yatmayanları partiyadan uzaqlaşdıracaq. Bu, təbii prosesdir, bütün partiyalarda bu cür olur. Arif Hacılı Müsavatın lideri olmaq istəyirsə, özünün komandasını formalaşdırmalı, onu istəməyənləri ən azı mərkəzi aparatdan, seçkili qurumlardan kənarlaşdırmalıdır.
Zaur Sultanbud