Erməni mifinə zərbə. Ramiz Mehdiyevin daha bir kitabı qırğız dilində nəşr edildi

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin   "Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində" əsəri qırğız və rus dillərində  kitab şəklində nəşr edilmişdir. "Uluu Toolor" nəşriyyatında nəşr edilən kitab  ümummilli lider Heydər Əliyevin "Tarix həmişə hər şeyi öz yerinə qoyur" sözləri ilə açılır. Kitabın əvvəlində müəllif "mif" anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Akademik Ramiz Mehdiyev yazır: "Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış "vahid ata" deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır". Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm - mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, "mifolojiləşdirmə" də vardır. Mifolojiləşdirməni, yəni, xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır. Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və "tarixçilər" birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00