Leyla yunussevərlərin böyük xəyal qırıqlığı
Saxarov mükafatının konqolu həkimə verilməsi artıq xarici dairələrin də ermənipərəst hüquq müdafiəçisindən əlini üzdüyünü göstərir
23 Oktyabr 2014 19:15 SiyasətMəlum olduğu kimi, Leyla Yunusun adı 2014-cü il üçün insan hüquqları sahəsində nüfuzlu Saxarov mükafatına namizədlər siyahısında yer almışdı. Hətta o, son üçlüyə qədər irəliləyə bilmişdi. Ölkədaxili və ölkəxarici bir sıra antiAzərbaycan qüvvələr L.Yunusun mükafatı alacağını böyük səbirsizliklə gözləyirdilər. Lakin bu gözləntilərin əksinə, Avropa Parlamentinin rəhbəri Martin Şultsun dünən açıqladığı laureat Leyla Yunus olmadı. Mükafatın Konqo Demokratik Respublikasında olan ginekoloq Denis Mukveqeyə verildiyi bəlli oldu. Şultsun açıqlamasına görə, konqolu həkim xüsusilə qadınların müdafiəsi uğrunda mübarizəsinə görə bu mükafata sahiblənib. Bunun isə təbii ki, leyla yunussevərləri böyük xəyal qırıqlığına düçar etdiyi şübhəsizdir. Əslində, onların belə vəziyyətə düşməsinə kifayət qədər əsaslar var. Məlum olduğu kimi, mükafatın adını daşıdığı hüquq müdafiəçisi, məşhur sovet dissidenti Saxarov ermənilərə xüsusi yaxınlığı və simpatiyası ilə tarixə düşüb. Hətta onun populyarlaşmasında bu yaxınlıq və simpatiya mühüm rol oynayıb. Onun bu cür ermənipərəst mövqe tutmasında isə həyat yoldaşı olan erməni Yelena Bonnerin böyük əməyi olub. Erməni yanlısı, ermənilərlə qohum, Ermənistan xüsusi xidmət orqanları ilə işbirliyində olan L.Yunusun məhz bu məziyyətlərinə görə Saxarov mükafatı almağa tam haqqının çatdığını söyləyə bilərik. Bu mənada milli və əqidə baxımından yaxın olan Saxarov mükafatını ala bilməməsinin L.Yunusu və onun havadarlarını üzməsi başadüşüləndir. Onu da qeyd edək ki, L.Yunusun namizəd olduğu mükafatın adını daşıdığı Saxarovun necə hüquq müdafiəçisi, əslində isə sırf ermənipərəst şəxs olduğunu onun aşağıdakı fikirləri xüsusilə təsdiq edir: "Təxminən martın 20-də mən Qorbaçova açıq məktub yazdım. Məktubda qeyd etdim ki, o, Dağlıq Qarabağ problemi ilə bağlı öz mövqeyini açıqlasın. O, Dağlıq Qarabağda yaşayan ermənilərin DQMV-nin Ermənistana birləşməklə bağlı tələbini müdafiə etsin. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycandan alınsın...".
Göründüyü kimi, erməni yanlısı Saxarovun adına mükafatın məhz Leyla Yunusa verilməsi cəhdi onun sırf ermənipərəst qüvvələrin əhatəsində olması ilə bağlı fikirlərin doğruluğunu ortaya qoyur. Həmçinin bu, bir daha L.Yunusun əvvəlki dövrlərdəki ifrat antiAzərbaycan fəaliyyətlərinin də səbəblərinə işıq tutmuş olur. Məlum olduğu kimi, L.Yunus daim hər vəchlə ölkənin beynəlxalq miqyasda nüfuzunu ləkələmək istiqamətində iş aparıb. Xüsusilə Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyi dövrlərdə aktivləşməsi isə onun "beşinci kolon" missiyası daşıyıcısı imicini daha da möhkəmlədib. Onun "xalq diplomatiyası" adı altında erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığı isə xəyanətkar fəaliyyətinin kulminasiya nöqtəsi hesab oluna bilər. Məhz bu fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən aşkar edildikdən sonra o, həbsə atıldı. Qeyd etmək lazımdır ki, həbs tam qanuni şəkildə həyata keçirilib və bu həbsin bəzilərinin iddia etdiyi kimi, ölkədəki demokratiya və insan haqlarının durumuna heç bir aidiyyəti yoxdur. Bu məqam ölkə ictimaiyyətinin məsələ ilə bağlı nümayiş etdirdiyi reaksiyada da öz əksini tapır. Belə ki, cəmiyyətin müxtəlif təbəqələri, ictimai xadimlər L.Yunusun həbsinin labüdlüyü ilə bağlı hələ xeyli əvvəl çağırışlar edirdilər. Çünki L.Yunusun ümumilikdə fəaliyyəti, xüsusilə isə son dövrlər atdığı addımlar ölkə ictimaiyyətinin ciddi qınağına səbəb olmuşdu. İnsanlar onun dövlətə, xalqa xəyanətini, işğalçı Ermənistanın kəşfiyyat orqanları ilə işbirliyini, bədnam "xalq diplomatiyası" adı altındakı fəaliyyətini qətiyyətlə pisləyirdilər.
Qeyd etmək lazımdır ki, hətta həbsdə də L.Yunusun fəaliyyəti ermənilərlə bir növ koordinasiya olunmuş şəkildədir. Belə ki, L.Yunusun atdığı hər bir addım erməni mediası və erməni lobbisi tərəfindən Azərbaycana qarşı istifadə olunur. Ermənilər L.Yunus kartından məharətlə istifadə etməklə Azərbaycanı beynəlxalq təşkilatlar səviyyəsində gözdən salmağa cəhd göstərirlər. Bu kimi xəyanətkar fəaliyyəti L.Yunusu ölkə səviyyəsində tanıyan hər bir kəsə əvvəlcədən bəllidir. Bunun da nəticəsidir ki, hazırda keçmiş silahdaşları, partiya və QHT təmsilçiləri ondan uzaq durmağa çalışır. Hətta bəzi dostları zaman-zaman "xoş" xatirələr bölüşməklə də onun necə birisi olduğunu ortaya qoyurlar. Digər tərəfdən L.Yunusun Azərbaycana xəyanətdə tək olmaması, bu işdə ən yaxın silahdaşının erməni əsilli əri Arif Yunus olması da diqqətdən yayına bilməz. Arifin ermənilərlə genetik bağlarının olması barədə informasiyalar xeyli müddətdir ki, dolaşır. Həmin informasiyalara görə, əslən İsmayıllı rayonundan olan Seyfulla Əbdüləhəd oğlu Yunusov 1932-ci ildə Azərbaycanın Xocavənd rayonunun Çartaz kəndində anadan olmuş erməni Arşalyus Arsenovna ilə ailə qurub. Bu isə Leyla və Arif Yunusların erməni sevdasının haradan başladığına aydınlıq gətirir. Bu gün də Leyla və Arif Yunuslar erməni qohumları ilə əlaqələrini kəsmirlər. Məsələn, Arif Yunus Rusiyanın Krasnodar vilayəti, Ustlabinski rayonundakı Ladojskaya stansiyasında yaşayan Nadya, Seyran və Qrişa Gevorkyanları, öz qohumlarını qəribçiliyə salmadıqları məlumdur. Yunusların ermənilərlə iş birliyindən əldə etdiyi maddi qazanclar, ermənilər tərəfindən onlara göstərilən maliyyə dəstəyi və s. barədə də istintaq tərəfindən xeyli faktlar üzə çıxarılıb. Bütün bunlar onu göstərir ki, Leyla Yunusun Azərbaycana, onun milli maraqlarına, təhlükəsizliyinə qarşı törətdiyi əməllər sırf cinayət xarakterlidir. Görünür, bu həqiqəti yavaş-yavaş Qərbdə də anlamağa başlayıblar. Məhz insan hüquqları sahəsində nüfuzlu olan Saxarov mükafatını L.Yunusa verməkdən imtina edilməsi bunu deməyə əsas verir. Belə çıxır ki, L.Yunus kartı vasitəsilə ölkəmizə təzyiq göstərməyə çalışan bəzi Qərb dairələri artıq reallıqla barışmalı olublar. Onlar ölkəsində "vətənə xəyanət"də ittiham olunan birisi üzərindən iş görməyin effektiv və şərəfli olmayacağını dərk ediblər.