Xədicənin növbəti hoqqabazlığı

Bu günlərdə İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpası ciddi bir rezonans doğurdu. Məlumat üçün qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupun bərpası ilə bağlı Azərbaycan Respublikasının Prezidenti ilə Avropa Şurasının baş katibi Törbörn Yaqland arasında müzakirə olmuş və qrupun bərpası barədə ümumi razılıq əldə edilmişdi. Təbii ki, bu addım bir daha Azərbaycan dövləti və onun hökumətinin insan hüquq və azadlıqlarına nə dərəcədə önəm verdiyinin göstəricisi idi. Ancaq atılan hər bir müsbət addıma qara yaxmağa, kölgə salmağa cəhdlər olduğu kimi bu dəfə də belə bir situasiya özünü çox gözlətmədi. Bu dəfəki vay-şüvənin iştirakçısı isə yenə də son vaxtlar qeyri-etik hərəkətləri ilə ad çıxarmış, buna baxmayaraq bəzi avropalıların sevimlisinə çevrilmiş Xədicə İsmayılova idi. Əsasən Norveç hökuməti ilə birbaşa bağlı olan, Norveç fondlarının (Norveç Xarici İşlər Naziliyinin maliyyələşdirdiyi Norveç İnsan Hüquqları Evinin ) himayəsində olan Xədicə İsmayılovanin bu dəfə qarşısına qoyulan ssenari bərpa edilmiş İşçi Qrupu barədə mənfi rəy formalaşdırmaq idi. Buna qədər isə Xədicəni maliyyələşdirən dairələr onun da İşçi Qrupunda təmsil olunmasına çalışırdılar. Lakin nəzərdə tutulan istək alınmadığı halda ikinci variant işə düşdü. Məqsəd isə İşçi Qrupun əvvəlki tərkibini gözdən salmaq, qrup barədə Avropada mənfi rəy formalaşdırmaqdi. Elə Xədicə İsmayılova özünün Facebook səhifəsində də İşçi Qrupunun üzvlərini aşağılayan statuslar yazıb. Xədicə İsmayılova açıq-aşkar yazır ki, o əvvəlki tərkib İşçi Qrupunu gözdən salmaq üçün səy göstərib. Gözdən salma kampaniyasının əsas istiqamətləri tərkibdə olmuş hüquq müdafiəçilərinin gözdən salınması, onların hakimiyyətə satılması ilə bağlı böhtanlar və s. olub. Halbuki İşçi Qrupunun əvvəlki tərkibi o hüquq müdafiəçilərindən ibarətdir ki, onlar hələ ötən əsrin 90-cı illərindən beynəlxalq aləmdə mövqe qazanıblar. Həmin vaxtlar isə Xədicə İsmayılova insan hüquq və azadlığı anlayışının nə olduğunu belə bilmirdi. Hazırda da Xədicəkimilərinin onlara qarşı böhtan atması gülünc və yersizdir. Sadəcə bu gün Xədicə İsmayılova və onun arxasında dayanan xarici qüvvələri qıcıqlandıran bir məqam ondan ibarətdir ki, nə üçün Xədicə İşçi Qrupuna seçilmədi? Nəticə etibarilə Azərbaycana qarşı ikili standartlardan yanaşan qüvvələrin planı pozuldu. Bu gün Xədicənin arxasında dayanan dairələr bir məqama diqqət yetirib özləri üçün nəticə çıxarmalıdırlar. Belə ki, Xədicə İsmayılovanın İşçi Qrupunda təmsil olunmasına qrupun Azərbaycandan olan üzvlərindən bir nəfər belə razılıq verməyib. Bu göstərici öz-özlüyündə hər şeyi deyir. Deməli cəmiyyətdə heç bir nüfuzu, o qədər də yaxşı reputasiyası olmayan şəxslərin İşçi Qrupunda təmsil olunması qəbuledilməzdir. Digər tərəfdən İşçi qrupunun üzvlərindən bir nəfər belə sənə dəstək vermirsə deməli sən orada təmsil olunmağa layiq deyilsən. Amma Avropa Şurası kimi bir təşkilata problemin həlli daha çox lazım idi. Eyni zamanda İnsan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpası Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin göstəricisidir və dövlət başçısının bilavasitə razılığı ilə bu qrupun fəaliyyəti bərpa edildi. Bu faktın özü Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi və vətəndaş cəmiyyəti də öz növbəsində ümumilli məsələlərlə bağlı hakimiyyətlə konstruktiv əməkdaşlığa hazır olduğunu göstərmiş oldu.

Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00