Azərbaycan-Çexiya əlaqələri genişlənir
16 Oktyabr 2014 12:42 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Filip Voytexin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sədr bildirib ki, ölkələrimiz arasında təşəkkül tapmış ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir. Müstəqil Azərbaycan bu əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Sonra Sədr Filip Voytexlə görüşlərini xatırlayaraq, onun Çexiya Parlamentində 5 il ərzində Azərbaycanla dostluq qrupuna rəhbərliyi dövründə görülmüş işləri yüksək dəyərləndirib. Spiker bu cür səfərlərin və görüşlərin tərəflərin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətli olduğunu söyləyib. Sonra Milli Məclisin Sədri ötən il Çexiya Parlamentində Xocalı soyqırımı ilə əlaqədar qəbul olunmuş sənədə görə çexiyalı millət vəkillərinə öz dərin təşəkkürünü bildirib. Qəbulda belə bir fikir səslənib ki, mötəbər beynəlxalq qurumlarda deputatlarımızın birgə səmərəli fəaliyyəti, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi təqdirəlayiqdir. Qonaq Çexiya ilə Azərbaycan arasındakı yüksək səviyyəli siyasi dialoqun, o cümlədən parlamentlərarası əməkdaşlığın günbəgün dərinləşməsinin gələcəkdə də iqtisadi münasibətlərə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. O, təmsil etdiyi ölkənin Azərbaycanla kənd təsərrüfatı, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib.