Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır

Ermənistanın müdafiə naziri Seyran Ohanyan rəhbərlik etdiyi ordunun vəziyyəti ilə bağlı açıqlama verib. O, Ermənistan ordusunun hərbi hissələrindən birində olan zaman zabitləri sərt tənqid edib və onları əsgərlərə qarşı kobud münasibətə görə tənqid atəşinə tutub: "Zabitlərin əsgərlərə qarşı normal münasibət göstərməməsi əsgərlərin həyatına təhlükə yaradır. Heç kəsə sirr deyil ki, zabitlərin son zamanlar "belə fəaliyyəti" çox acınacaqlıdır. Hazırda orduda olan nizam-intizam ciddi şəkildə pozulur". "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən Milli Məclisin müdafiə məsələləri daimi komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, tamamilə düzgün fikirdir və bu fikri Azərbaycan tərəfi həmişə deyir: "Bildiririk ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır, qonşu dövlətin ordusu pis silahlanır, maddi təchizatı zəifdir, zabit-əsgər münasibətləri quldarlıq dövrünün münasibətlərini xatırladır. Həmçinin Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına düşmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verilir. Ora düşənlərin isə əsgər müavinəti zabitlər tərəfindən zorla əllərindən alınır". Millət vəkili deyib ki, Ohanyan düzünü deyib, ancaq özünün də bildiyi səbəbi dilinə gətirməyə çəkinib: "Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindədir. Erməni əsgəri ( elə zabiti də) özgə torpaqda olduğunun fərqindədir. O, Sarkisyan və Ohanyanlar üçün öz həyatını qurban vermək istəmir. Elə Ermənistanın da bütün problemlərinin kökündə məhz işğal faktoru dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00