Əbülfəz Qurbanlının acı etirafı

Keçmiş Müsavat başqanı İsa Qəmbər, yeni sədr Arif Hacılı və digər funksionerlər tribunada yer almadılar

Milli Şuranın 12 noyabr mitinqi bir sıra maraqlı məqamlarla yadda qaldı. Beləki, müxalifətin ətrafında kifayət qədər narazı elektoratın olmaması; İkincisi, daxildə parçalanmanın aşkar görünməsi; Üçüncüsü, Milli Şura sədri Cəmil Həsənlinin adi AXCP funksioneri səlahiyyətlərini icra etməsi bəlli oldu. Məsələn, mitinq başa çatan kimi müxalifət mətbuatı aksiyaya qoşulanların sayının 7 mindən çox olduğunu iddia etdi. Lakin çəkilən fotoşəkillər və meydanda olanların müşahidələrindən bunun əksi görünür. 1500-2000 nəfər arası iştirakçı vardı. İştirakçıların əksəriyyəti isə yaxın ərazilərdə yaşayan sakinlər idilər ki, onlar da sırf maraq üçün gəlmişdilər. Xüsusilə meydanın kənarında əyləşən qocaların vaxt keçirmək üçün oraya gəldikləri nəzərdən qaçmırdı. Digərlərinin də kənarda passiv şəkildə müşahidəçi qismində dayanmaları açıq görünən detal idi. Müəyyən hissəsini isə KİV nümayəndləri, kiçik qismini təhlükəsizlik qüvvələrinin əməkdaşları, bir hissəsini də narazı elaktorat təşkil edirdi. Milli Şuranın mitinqin izdihamsız keçməsi AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının tribunadan səsləndirdiyi fikirlərdən də bəlli oldu. Kiçik meydançadakı pərakəndəliyi açıq şəkildə sezən Ə.Qurbanlı: "Burada iştirak edənlərdən 200 nəfər məsuliyyətli təşkilatçı olsa, gələcək mitinqdə meydanı tamamilə doldura bilərik" - deyə öz acı etirafını etdi. Bu, təkcə Əbülfəz Qurbanlının yox, bütünlükdə Milli Şuranın möhtəşəm elanlarının qarşılığında az sayda elektoratın mitinqdə iştirakına etiraz idi. Sonuncu prezident seçkisində növbəti məğlubiyyətdən sonra sırasını tamamilə seyrəkləşdirən müxalifətin bundan böyük mitinqə gücü çatmayacağı əvvəlcədən bilinirdi. Bu kontekstdə 12 noyabr nümayişi mitinqdən çox, kiçik etiraz aksiyasına oxşayırdı.

Əli Kərimlinin Arif Hacılının əlindən aldığı şans

12 noyabr aksiyası müxalifətin parçalanması üçün real ekran idi. Keçmiş Müsavat başqanı İsa Qəmbər, yeni sədr Arif Hacılı və digər funksionerlər tribunada yer almadılar. Halbuki müsavatçılar aksiyaya cəbhəçilərdən daha tez qoşulmuşdular. Milli Şuranı yaradan digər müxalifət partiyaları ümumiyyətlə gəlməmişdilər. Qurumun keçmiş sədri Rüstəm İbrahimbəyov ənənəni pozaraq, bu dəfə iştirakçılara "müraciət" etmədi. "El" sədri Eldar Namazov da yox idi. Namzov məsələni Eldəniz Quliyevlə yola verdi. Bu azmış kimi mitinq təşkilatçıları bir dəfə də olsun İsa Qəmbər və Arif Hacılının iştirakına dair heç bir fikir səsləndirmədilər. Müsavatçıların iştirakı barədə yalnız mitinq başa çatandan sonra mətbuatdan xəbər verildi. İsa Qəmbərin mitinqdəki iştirakı sıravi AXCP fəalından fəqlənmirdi. AXCP-nin hörmətsizliyi açıq şəkildə keçmiş başqanın üz simasından da sezilirdi. Bunun fonunda Arif Hacılı bir qədər utancaq təsir bağışlayırdı. Çünki mitinq Hacılının başqan seçilməsindən sonra geniş formatda publika qarşısına çıxması üçün şans idi. Bunu isə Əli Kərimli onun əlindən almışdı.

AXCP-dən Cəmil Həsənliyə ağır zərbə

Tribunadakı çıxışlar Əli Kərimlinin Əbülfəz Qurbanlıya verdiyi siyahı üzrə edilirdi. Ən geniş çıxışlar fəal cəbhəçilər - Gözəl Bayramlı, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlının üzərində köklənmişdi. Mitinqin dağılışmağına az qalmış isə Cəmil Həsənlinin çıxışı iştirakçılar tərəfindən o qədər də maraqla qarşılanmadı. Çünki buna qədər etirazçıların saat yarım ayaqüstdə dayanmaları yorucu idi. Cəbhəçilərdən sonra mikrofonun Eldəniz Quliyev və Cəmil Həsənliyə verilməsi Əli Kərimlinin siyasi ambisiyasının təzahürü idi. Ə.Kərimli bununla açıq şəkildə yalnız onu ən çılğın formada tərifləyənlərə hörmət etdiyini nümayiş etdirdi.  Əli Kərimlinin Cəmil Həsənli faktorunu gündəmdən çıxarmasının maraqlı tərəfləri var. AXCP sədri başa düşür ki, siyasi karyerasının və həyatının (o hansısa fəaliyyət növündə aktivlik üçün qocadır) eniş mərhələsini yaşayan Cəmil Həsənli çox da vacib deyil. Çünki Həsənlinin ətrafında Kərimlidən fərqli olaraq, kiçik də olsa, etirazçı kütlə yoxdur. Bu isə Əli Kərimlinin maraqlarına uyğun deyil. Digər tərəfdən isə mitinqin Milli Şura tərəfindən keçirildiyi elan edilmişdi. Lakin aksiyanın əsas məsuliyyətini cəbhəçilərin öz üzərinə götürdüyü göründü. Bu fonda da Cəmil Həsənli obrazı çox ölgün və cansıxıcı təsir bağışlayırdı. Haşiyə: İstənilən halda isə 12 noyabr mitinqi müxalifət üçün əsil fiasko idi.


Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00