Cəbhə bölgələrində patrul dəstələrinin yaradılması
Əhalinin müdafiə prosesində könüllü iştirakını təmin edəcək
13 Oktyabr 2014 15:48 SiyasətPrezident İlham Əliyevin bugünlərdə imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncam ölkənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Etiraf edilməlidir ki, sözügedən sərəncam siyasi və hərbi baxımdan ciddi sənəd olması ilə yanaşı yerli və beynəlxalq ictimaiyyət üçün ciddi mesajlar verir. Qeyd edildiyi kimi sərəncam özündə bir sıra siyasi amilləri əks etdirir ki, həmin amillər birbaşa Azərbaycanın ümummilli problemi olan Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynaya bilər. Belə ki, dövlət başçısı sözügedən sərəncamla Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini qəti şəkildə ortaya qoyur. Bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarının getməsinə baxmayaraq, təcavüzkar dövlətin qeyri-konstruktiv mövqeyi nəticəsində təmas xəttində gərginlik davam etməkdədir. Belə vəziyyət isə sözsüz ki, cəbhəyanı ərazilərdə müəyyən təhlükəsizlik tədbirlərinin görülməsini labüd edir. Bununla həm Ermənistan, həm də beynəlxalq aləmə mesaj verilir ki, problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar öz bəhrəsini verməsə, ölkəmizin ərazi bütövlüyü təmin olunmasa, Azərbaycan beynəlxalq hüquqa söykənərək hərbi yolla torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxlayır. Təsadüfi deyil ki, dövlət başçısı dəfələrlə yerli və beynəlxalq səviyyəli tədbirlərin ən ali kürsüsündən bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo davam edə bilməz. Azərbaycan iqtisadi imkanlarından hərbi gücünü və təhlükəsizliyini gücləndirmək məqsədilə istifadə etməkdədir. Etiraf edilməlidir ki, bu açıqlamalar indiki situasiyada işğalçı tərəf üçün ciddi mesajdır.
Ölkə Prezidentinin sərəncamının hərbi baxımdan əhəmiyyətinə gəlincə, qeyd edilməlidir ki, sənəddə mühüm məsələlər nəzərdə tutulur. Xüsusən, əhalinin cəbhə bölgəsində sayıqlığını artırmaq üçün könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması çox əhəmiyyətlidir. Sirr deyil ki, bir çox hallarda erməni hərbi birləşmələri dinc əhalini hədəfə alır. Bunun nəticəsində öz təsərrüfatında çalışan insanlar, hətta uşaqlar da həlak olurlar. Bu hallar bütövlükdə Azərbaycan ictimaiyyətini narahat edir. Məhz sərəncamın bu hissəsi sadalanan problemlərin qarşısını almağa yönələcək. Çünki əhalinin özü artıq müdafiə prosesində könüllü iştirak edəcək. Eyni zamanda, bu vəziyyət müharibə şəraitində olan ölkənin əhalisinin mövcud vəziyyətə daha yaxşı hazırlığını gücləndirəcək. Ona görə də, patrul dəstələrinin yaradılması vacib məsələlərdən hesab olunur.
Sərəncamda həmçinin "Hərbi vəziyyət haqqında" qanunun yeni redaksiyada işlənməsi məsələsi də önə çəkilir.
Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komitəsinin sədri Əli Hüseynli bildirib ki, belə bir məsələnin nəzərdə tutulması günün tələbidir: "Qanunun qəbul olunmasından 20 il keçib. Nəzərə almalıyıq ki, həmin illərdə cəbhədə aktiv hərbi əməliyyatların getməsi ilə yanaşı, ölkədə ictimai-siyasi sabitlik də tam bərqərar edilməmişdi. Ötən 20 il ərzində Azərbaycanın müdafiə imkanları artıb, iqtisadiyyatımız güclənib, geopolitik durum çox dəyişib. Ona görə də, "Hərbi vəziyyət haqqında" qanunun yenilənməsi çox vacibdir. Ümumiyyətlə, biz 1990-cı illərin əvvəlində qəbul olunmuş bir çox qanunlara yenidən baxmalıyıq. Dövlət başçısının sərəncamında qanunvericiliyə dair verilən tövsiyələr də aktualdır". Komitə sədri əlavə edib ki, cəbhə bölgəsi ilə əlaqədar kütləvi informasiya vasitələrində yayılan informasiyalar da həssas məsələdir. Bununla əlaqədar ölkə Prezidentinin sərəncamında mühüm məqamlar əksini tapır: "Hələ bir müddət öncə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri və KİV təmsilçiləri ilə keçirilən toplantıda kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə cəbhə bölgəsi ilə bağlı qanunların imkan verdiyi çərçivədə məlumatların yayılması tövsiyə edilmişdi. Çünki bir sıra məlumatlar düşmən tərəfindən istifadə oluna bilər. Buna görə də, KİV-lərin, ümumilikdə vətəndaşların "Dövlət sirri haqqında" qanunun tələblərinə riayət etməsi ilə bağlı sərəncamdakı müddəa böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu sərəncamda, eləcə də verilən tövsiyələrdə irəli sürülən məsələlərin yerinə yetirilməsi təkcə dövlət orqanları üçün deyil, bütün əhali üçün vacibdir".
Alim