“Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”
İlham Əliyev: “Dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik”
2 Oktyabr 2014 18:44 SiyasətOktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərdən ibarət nümayəndə heyətləri iştirak edib. Forumda prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı bildirib ki, dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir. O bildirib ki, dünyada humanitar təhlilin aparılması üçün belə foruma çox ehtiyac var: "Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət göstərib". Prezident bəyan edib ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb: "Bu, bizim böyük sərvətimizdir. Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multimədəniyyətli cəmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb. Məsələn, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət tədbirinə İslam Konfransı Təşkilatına üzv dövlətlər də dəvət olundu. 2009-cu ildə İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasına üzv dövlətlərin nazirləri dəvət edilmişdi. Azərbaycanın təşəbbüsü ilə dünya dini liderlərinin zirvə görüşü keçirilib". Dövlət başçısı Azərbaycana qarşı işğalçılıq siyasəti aparıldığını, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, etnik təmizləmə siyasəti aparıldığını, Xocalı soyqırımı törədildiyini və yüzlərlə insanın qətlə yetirildiyini xatırladıb. O, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların ərazilərdən çıxarılması barədə 4 qətnamə qəbul etdiyini də nəzərə çatdırıb: "Bu qətnamələr yerinə yetirilmir, ikili standartlarla üzləşirik. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir gündə yerinə yetirilir. İslam Konfransı Təşkilatı, Avropa Şurası da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. Soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının iki məruzəsində göstərilib ki, məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb". Prezident İ. Əliyev bütün bunlara baxmayaraq, Azərbaycanın dayanıqlı inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, humanitar sahə hökumətin prioritet sahələrindən biridir: "Təhsilə böyük diqqət göstərilir. Son 10 ildə 3 minə qədər məktəb tikilib. Təhsildə islahatlar aparılır və yaxın gələcəkdə bu islahatların nəticəsini görəcəyik. Tələbələr xarici ölkələrə göndərilir". Dövlət başçısı bildirib ki, mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq və qardaşlıq dövləti gücləndirir. İqtisadi və sosial sahədə əldə edilən uğurlardan danışan İ. Əliyev yoxsulluqla mübarizənin başa çatmaqda olduğunu, yaxın illərdə yoxsulluğun bir amil kimi aradan götürüləcəyini vurğulayıb. Prezident bəzi dövlətlərdə neft gəlirlərindən düzgün istifadə edilmədiyini deyib: "Biz isə neft gəlirlərini insan kapitalına çevirməyə nail olmuşuq. Azərbaycan bu gün kosmik sənaye ölkələrindən birinə çevrilib. Azərbaycan hazırda siyasi və iqtisadi cəhətdən müstəqil ölkədir. Bu, dünya ölkələri tərəfindən dəstəklənir. Azərbaycan bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdi. Bu da bizim dünyadakı rolumuzu, müstəqil siyasətimizi əks etdirir. Dünya birliyinin əksəriyyəti bizə inanır". Prezident İlham Əliyev müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini vurğulayıb: "Bu qanlı toqquşmalar ölkələri məhv edir. Biz buna təcrid olunmuş proses kimi baxa bilmərik. Eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamımızı narahat etməlidir. Müasir dünyada Azərbaycanın unikal rolu var, biz Avropa və Asiya arasında, qədim İpək Yolunda yerləşən ölkəyik. Biz həm Avropanı, həm də Asiyanı yaxşı anlayırıq". İ. Əliyev iki il əvvəl Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin keçirildiyini xatırladıb: "Müsəlman ölkəsində belə müsabiqənin keçirilməsi mühüm hadisədir. İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İki il sonra isə Bakıda İslam İdman Oyunları keçiriləcək. Bugünkü Azərbaycan budur, biz Avropa və müsəlman ailəsinin üzvüyük. Bunun mümkün olduğunu ortaya qoyuruq. Cəmiyyətdə müsbət tendensiyalar olanda böyük uğurlara imza atmaq mümkündür". Daha sonra Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbriki oxunub. Təbrik məktubunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko oxuyub. Təbrik məktubunda qeyd edilib ki, Forum bir neçə il ərzində mötəbər tədbirlərdən birinə çevrilib: "Bakı Beynəlxalq Forumu humanitar sahədə müzakirələrin aparılması üçün ən yaxşı platformalardan birinə çevrilib. Əminəm ki, Forumda gələcək üçün olduqca faydalı müzakirələr aparılacaq, tövsiyələr səsləndiriləcək. Tədbirdə çoxsaylı nümayəndə heyətlərinin iştirakı buna şərait yaradır". Forumu çərçivəsində gənclər və idman naziri Azad Rəhimovun moderatorluğu ilə panel təşkil edilib. Estoniyanın keçmiş prezidenti Arnold Rüütel çıxışında deyib ki, BMT statistikasına əsasən son 40 ildə yoxsul ölkələrin sayı iki dəfə artıb, 20 ölkədə ərzaq çatışmazlığı var. Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Yalta konfransının prinsiplərinin artıq işləmədiyini vurğulayıb: "Üçüncü Dünya Müharibəsinə yol verməməlyik. Qərb və Şərq arasında əvvəllər balans var idi, indi Qərb daha üstün mövqedədir. İnteqrasiya prosesindən kənarda qalmaq olmaz. Birləşmiş Avropanın qarşısında duran əsas məqsəd yeni müharibənin qarşısının alınmasıdır. Helsinki prinsipləri əsas götürülməli və Şərq ilə Qərb arasında etimadın təmin edilməsində sərhədlərin toxunulmazlığı əsas rol oynamalıdır". Xorvatiyanın sabiq prezidenti qeyd edib ki, hər bir ölkənin öz maraqları var: "Avropanın gələcəyi Rusiyanın iştirakı olmadan mümkün deyil. Demokratik dünyanın Rusiya ilə toqquşması baş verir. ABŞ Konqresində Rusiya ilə bağlı qəbul edilən qərarların mənası nədir? İraqda, Əfqanıstanda sabitlik bərpa olunubmu? Hər kəs öz taleyini özü həll etməlidir. Dövlətlər arasında etimadın bərpa vacibdir". Latviyanın keçmiş prezidenti Valdis Zatlers çıxışında xatırladıb ki, İraqda, Suriyada müharibə gedir, Fələstində sülh əldə olunmayıb, Ukraynada böhran var: "İslam və xristian aləmləri arasında hərbi və humanitar münaqişə yoxdur. Xristianlıq və islam özlərində sülhü əks etdirən dinlərdir. Avropanın müxtəlif ölkələrində 16-cı əsrdə dini toqquşmalar baş verib. Biz keçən əsrdə Yuqoslaviyadakı müharibəni də gözləmirdik. İndi isə Ukraynada müharibə gedir. Niyə müharibələrin sayı çoxdur? Müharibəni dayandıracaq siyasətçilər o qədər də uzaqgörən deyillər. Biz Dağlıq Qarabağ münaqişəsinin acısını duyuruq. İşğal olunmuş ərazilərdə ailələrin evlərindən məhrum olunduğunu, abidələrin dağıdıldığını eşidəndə acı duyuruq. Biz irəli getməli, Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələri həll etməliyik".
Samir