Narazıları İsa Qəmbər danışdırır?

O, yeni başqana lider statusunu xatırlatmaq istəyir

Müsavat Partiyasında qurultaydan sonra daxili narazılıqlar səngimək bilmir. İqtisadçı Qubad İbadoğlunun və partiyanın gənclər təşkilatının keçmiş sədir Tural Abbaslının tərəfdarları seçkilərin ədalətli keçirilmədiyini, qurultay nümayəndələrinin seçilməsində saxtakarlığa yol verildiyini bildiriblər. İbadoğlunun tərəfdarı Səxavət Əlisoy daha sərt danışıb. O, Arif Hacılını və komandasını sərt ifadələrlə tənqid edərək istefaya çağırıb. Tiflisdə səfərdə olan Qubad İbadoğlu qayıdan kimi tərəfdarlarını toplayacağını deyib. Sabiq başqan adayını daha çox qəzəbləndirən Arif Hacılının qardaşı Vaqif Hacıbəylinin facebookda yazdıqları olmuşdu. Qeyd edək ki, Hacıbəyli Əhrar Partiyasının sədridir və Müsavat heç bir aiddiyyatı yoxdur. Onun siyasi etikadan kənar şəkildə Müsavatın qurutayına münasibət bildirməsi haqlı olaraq narazılıq doğurub. Ancaq qurultaydan sonra Qibad İbadoğlu tərəfdarlarının sərt açıqlamaları da qəribə görünür. Aydınca görünür ki, kimlərsə kənardan prosesə müdaxilə edir, katalizator rolunu oynayırlar. Narazılar əsasən AXCP yanlı qəzetlərdə danışırlar. Belə görünür ki, AXCP Müsavat daxilində narazılığın böyüməsində və partiyanın parçalanmasında maraqlıdır. Səxavət Əlisoyun açıqlamaları gözləndiyindən sərtdir. Görünür, özünün statusunu qaldırmağa çalışan bu adam bu açıqlamalarla bir müddət gündəmdə qalmağa çalışır. Heç başqan adayı Qubad İbadoğlunun özü onun qədər fəal deyil. Aşkar görünür ki, İbadoğlu İsa Qəmbərdən təlimat alıb və çox da uzağa getməyəcək. Seçkidə ona səs vermiş tərəfdarları ilə görüş də daha çox narazılığı səngitməyə yönəlib. Çünki Arif Hacılı qalıcı başqan ola bilməyəcək. Görünür, növbəti qurultayda onu postundan aşıracaqlar. Qubad İbadoğlu  gəncdir, gələcək addımlarını hesablayır və bilir ki, növbəti qurultayda başqan seçilə bilər. Ancaq Müsavatdan qopmalar qaçılmazdır. Bunu başqan seçildiyi gün mətbuata açıqlama verən Arif Hacılı özü də bildirmişdi. Yeni başqan bildirmişdi ki, partiyadan istefalaq qaçılmazdır. Ola bilsin ki, Səxavət  Əlisoy, Vurğun Əyyub kimi şəxslər Müsavatdan getsinlər. Səxavət Əlisoyun Milli Şuraya transfer edəcəyi gözlənilir. Maraqlı nüans budur ki, AXCP narazıları dəstəkləsə də, narazılardan heç kim AXCP meylli deyil. Müsavat Milli Şuradan çıxarkən əksəriyyət buna səs vermişdi. Hikmət Hacızadə, Vurğun Əyyub AXCP və Milli Şura əleyhinə açıqlama vermiş, Müsavatın mövqeyini qorumuşdular. Elə Qubad İbadoğlu da Milli Şuraya tərəfdar çıxmadı. O da partiyanın qərarını dəstəklədi. Amma nədənsə AXCP yanlı mətbuat daha çox Arif Hacılı ilə Rauf Arifoğlunu hədəfə almışdı. AXCP-nin Müsavat qurultayına səssiz qalması da bununla bağlı idi. Cəbhə Müsavatı bütövlükdə xain elan etmişdi. AXCP-nin Müsavat ətrafında yaratdığı ajiotaj da sünidir, ciddi əsaslara söykənmir. Seçki olub, yeni başqan seçilib. Başqanın istefası mümkün olmayan məsələdir. Bunu bilə-bilə hay-küy qaldıranların öz maraqları var. İbadoğlu tərəfdarlarından biri "yeni başqana 100 gün vaxt verək" təklifi ilə çıxış edib. Bu artıq barış rüzgarının əsdiyinə işarədir. Bəlkə də narazıları qızışdırmaqla İsa Qəmbər də yeni  başqandan güzəştlər qoparmaq, "mənim nəzarətimdən çıxma, səni devirərlər" mesajını vermək istəyib. Məsələ böyüsə, İsa Qəmbər ortaya çıxacaq, tərəfləri barışdıraraq öz lider statusunu bir daha xatırladacaq.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00