Azərbaycanda qanunun aliliyinə riayət olunur
Siyavuş Novruzov: “Qanunun tələblərini kim pozursa, qanun qarşısında da cavab verməlidir”
2 Oktyabr 2014 14:56 SiyasətMilli Məclisin payız sessiyasının ilk iclasında "Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə" Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsi ilə əlaqədar bəyənat qəbul edilib. Bəyənatda qeyd edilir ki, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi vardır və bu mexanizm Avropa qurumları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlıq şəraitində yaradılmışdır. Ölkədə insan hüquqları və azadlıqları həm qanunvericilik, həm də qanunların icrası səviyyəsində etibarlı müdafiə olunur. Əlbəttə, inkişaf edən hər bir dövlətdə və cəmiyyətdə olduğu kimi, Azərbaycanda da hər şey tam qaydasında deyildir. İnsan hüquqlarının və azadlıqlarının pozulması faktları da mövcuddur, lakin bunlar heç bir halda sistemli xarakter daşımır. Avropa Parlamentinin adı çəkilən qətnaməsində isə heç bu cür faktlardan da söhbət getmir: "Məhz buna görə də Azərbaycanın insan hüquqlarına və azadlıqlarına hörmət bəsləməyən və bunları mütəmadi surətdə pozan bir dövlət kimi Avropa Parlamentində müzakirə edilməsi qeyri-obyektiv və qərəzli yanaşmadan başqa bir şey deyildir. Azərbaycan Respublikasının Milli Məclisi "Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə" Avropa Parlamentinin 2014-cü il 18 sentyabr tarixli qətnaməsini Azərbaycanla Avropa İttifaqı və Avropa Parlamenti arasında konstruktiv əməkdaşlığın ruhuna zidd olan, Azərbaycanda bu sahədə hüquq qaydasını şübhə altına alan və dövlətin beynəlxalq imicinə xələl gətirmək niyyəti güdən qərəzli aksiya kimi dəyərləndirir. Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Avropa Parlamenti Azərbaycana bu cür münasibət göstərməkdə davam etsə, Avropa Parlamenti və Avronest Parlament Assambleyası ilə gələcək əməkdaşlığın zəruriliyi məsələsini bir daha nəzərdən keçirmək məcburiyyətində qalacaqdır. Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir, bu sahədə beynəlxalq təşkilatlar ilə əməkdaşlığı hüquq bərabərliyi əsasında və konstruktiv məcrada inkişaf etdirmək əzmindədir". Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərara Milli Məclisin nümayiş etdirdiyi mövqe millət vəkilləri arasında birmənalı qarşılanmayıb. Sözügedən qərarla bağlı Azərbaycan parlamenti tərəfindən qəbul edilən bəyanata münasibət bildirən millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə Avropa Parlamentinə qarşı sərt fikirlər söyləməyi düzgün hesab etməyib. Deputat deyib ki, beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə olması, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı qərəzli mövqe tutmaları ilə bağlı tənqidlərlə razıdır: "Amma məsələnin bir tərəfi də ondan ibarətdir ki, biz ölkə daxilində elə siyasət aparmalıyıq ki, onlar bizə təzyiq göstərmək imkanı əldə etməsinlər". İ. Ağazadənin sözlərinə görə, Azərbaycanla bəzi təşkilatlar arasında olan narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atılmalıdır: "Müstəqilliyimizi qorumaq üçün daxili barışa çox böyük ehtiyacımız var. Bu məsələdə Avropa əleyhinə bəyanat vermək yox, əlaqələri daha da inkişaf etdirmək lazımdır".
YAP-dan olan millət vəkili Siyavuş Novruzov bildirib ki, hakimiyyət Avropanın üstünə getmir, əksinə, Avropa bizim üstümüzə gəlir. O qərarı Azərbaycan yox, Avropa parlamenti qəbul edib. Digər tərəfdən insan hüquqlarından danışırıqsa birinci növbədə qaçqınların hüquqlarının müdafiəsindən danışmaq lazımdır: "Qaçqın da insandır, onlar bütün növ mülkiyyətlərindən, hüquqlarından məhrum olub. Münqaişə zamanı şəhid olanlar da Azərbaycan insanıdır. İlk növbədə onların hüquqlarının müdafiəsi ilə məşğul olunmalı, sonra isə hansısa qeyri-hökumət təşkilatının, mükafata layiq görülənlərin hüquqlarının müdafiəsilə məşğul olmaq olar. Lakin biz hadisələrin gedişatında bunu görmürük. Məsələn, biz deyirik ki, bu il bələdiyyə seçkiləri keçiriləcək. Avropa dəyərlərindən biri də seçmək və seçilmək hüququdur ki, Azərbaycanda bir milyon insan bu hüququnu itirib, özünün bələdiyyəsini yarada bilmir. Çünki ərazilərimiz işğal altındadır və orada bələdiyyələri təşkil etmək mümkün deyil. Azərbaycan neçə ildir ki, balanslaşdırılmış xarici siyasət aparır. Azərbaycan hansısa böyük dövlətin qoltuğu altına girmir, hansısa beynəlxalq təşkilatın kölgəsində gizlənmir. Azərbaycan bəyan edir ki, hər bir dövlət və təşkilatla qarşılıqlı, bərabərhüquqlu münasibət qurur və eyni səviyyədə əməkdaşlıq edir. Məhəbbət ikitərfli olur, birtərəfli olmur, ikitərəfli olanda da nəticələri çox gözəl olur. O baxımdan biz bütün beynəlxalq təşkilatlarla münasibətləri bərqabər səviyyədə qurmağa çalışırıq". Qaldı ki, Azərbaycanda həbs olunanlar məsələsinə, millət vəkili qeyd edib ki, erməni kəşfiyyat orqanlarına xidmət edən, onlarla işbirliyi yaradan, onların dəstəyi ilə qrant alan adamın azadlığa buraxılması tələb olunur, istəyirlər ki, bu adamlar üçün aministiya elan edilsin. Bəs cəzasızlıq mühiti hökm sürsə nə olacaq? O ölkə güclü olur ki, qanunun aliliyi hamı üşün bərabərdir. Peşəsindən, fəaliyyət yönümündən asılı olmayaraq qanun qarşısında bərabər olmalıdır, qanunu heç kimin pozmağa ixtiyarı yoxdur: "Şəffaflıqdan danışırıqsa alınan qrantlar haqqında ictimaiyyətə məlumat verilməlidir. Bu günə qədər ictimaiyyət bu barədə heç bir məlumat almayıb. İçtimaiyyətin heç bir nümayəndəsi şahid olmayıb ki, xaricdən qrant alan təşkilatlar hansısa tədbir keçirib. ABŞ-ın özündə vergidən yayınanı dərhal içəri salırlar, evini-eşiyini, bütün mülkiyyətini əlindən alırlar. Lakin, Azərbaycanda bəzi QHT-lər vergidən yayınır, qrantı kimdən, nədən ötrü aldığını bəyan etmir. Təbii ki, bu vəsaitlər siyasi partiyalar və ayrı-ayrı mətbuat orqanınınn maliyyələşməsinə sərf olunub. Bunlar da qanun qarşısında cavab verməlidir. Bəlkə məhkəmə deyəcək ki, heç onun günahı yoxdur. Ona görə, hər bir məsələyə səbrlə yanaşmaq lazımdır. Azərbaycanda qanunun aliliyinə riayət olunur, qanunun tələblərini kim pozursa, qanun qarşısında cavab verməlidir".
Alim