İlham Əliyev: "İkili standartlarla üzləşirik"
Prezident müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini deyib Müəllif
2 Oktyabr 2014 13:31 Siyasət"Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb. Bu, bizim böyük sərvətimizdir". Bunu IV Bakı Beynəlxalq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O, bildirib ki, dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir. "Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk". Prezident Azərbaycan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, etnik təmizləmə siyasəti aparıldığını, Xocalı soyqırımı, yüzlərlə insanın qətlə yetirildiyini, BMT-nin 4 qətnaməsini xatırladıb. "Xocalı soyqırımını soyqırım kimi 10-dan çox ölkə rəsmi şəkildə tanıyıbdır. İkili standartlarla üzləşirik. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir gündə yerinə yetirilir. Soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının iki məruzəsində göstərilib ki, məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Bütün bunlara baxmayaraq, Azərbaycanın dayanıqlı inkişaf gedir". Onun sözlərinə görə, müsəlman aləmində gedən proseslər Azərbaycanı çox narahat edir.
Qeyd edək ki, forumda 60-dan çox ölkədən yüzlərlə qonaq iştirak edir.