Beynəlxalq təşkilatlarla əməkdaşlığa ehtiyac varmı?
Valeh Ələsgərov: “Vaxtı çatıb ki, bu məsələləri sərt şəkildə qoyaq və arxasında duraq”
1 Oktyabr 2014 16:58 SiyasətBir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar sərgiləməkdə davam edirlər. Sözügedən təşkilatlar sanki ölkəmizə qarşı qərəzli qətnamə qəbul etməyə adətkar olublar. Hansı ki, onların əsas missiyası Azərbaycanla əməkdaşlıq etməkdir. Belə halda həmin təşkilatlarla əməkdaşlığın davam etdirilməsinə ehtiyac varmı?
Milli Məclisin sədr müavini, Avropa Parlamenti-Milli Məclis əməkdaşlığı komitəsinin həmsədri Valeh Ələsgərov bildirib ki, bir zamana qədər bir çaşqınlıq var idi. Çoxları elə bilirdi bu əməkdaşlıq komitəsi AŞ PA-dakı üzvlüyümüz kimi bir qurumdur və Azərbaycan parlamenti deputatları üçün Avroparlamentdə hansısa iştirak imkanları yaradır: "Bu əməkdaşlıq komitəsi ildə bir dəfə bir neçə saatlığa yığılmasına baxmayaraq biz neçə ildir təklif edirik ki, əgər bu komitə əməkdaşlıq məsələsi ilə məşğul olmaq istəyirsə sözün həqiqi mənasında iki parlament arasında əməkdaşlığı təmin edən bir qurum olsun. Dəfələrlə ən yüksək səviyyələrdə bu məsələni qaldırmışıq. Lakin buna nail ola bilməmişik. Hansı ki, bizim tərəfdən komitədə iştirak edən həmsədr eyni zamanda üç komitədə iştirak edir. Bu səbəbdən onların prosesləri araşdırmaq üçün kifayət qədər imkanları var". Sədr müavini xatırladıb ki, hələ 2009-cu ildə bu qurum bir qətnamə layihəsi təklif edib. Həmin qətnamədə Qarabağın ərazü bütövlüyü məsələsi yox idi: "Təklif edirdilər ki, icmalara arasında görüşlər olsun, toy-bayram və sair. Qətnamədə bizə kompromis variant kimi "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri" ifadəsi təklif olunurdu. Biz buna etirazımızı bildirəndə yumşaq formada təklif etdilər ki, ya bunu qəbul edin, ya da iki həftədən sonra Avroparlament Azərbaycanda iki bloger barədə qərar qəbul edəcək. Bu isə şantaj və Azərbaycana qarşı münasibətin göstəricisidir. Biz deyəndə ölkəmizə qarşı ikili standartlar var, çoxları inanmır. Bu misalı ona görə gətirirəm hamı bilsin ki, Azərbaycana qarşı ikili-üçlü standartlar var. Əsas məsələ isə Qarabağla bağlıdır- icmaların görüşməsi, qeyri-hökumət təşkilatlarının bir-biri ilə oturub-durması. Məqsəd isə ondan ibarətdir ki, Azərbaycan milləti ona öyrədilsin ki, siz qardaşsınız, dostsunuz, öpüşün, qucaqlaşın, Qarabağ yaddan çıxsın. Bizim bəzi qeyri-hökumət təşkilatlarına milyonlarla pul buraxılmasında da məqsəd budur.
Vəziyyət o həddə çatmışdı assosiasiya sazişi ilə bağlı danışıqlara başlayanda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı cümlə mətndən çıxarılmışdı. Baxnayaraq ki, bundan əvvəl qüvvədə olan Avropa Birliyi-Azərbaycan arasında imzalanmış əməkdaşlıq və tərəfdaşlıq sazişində bu ifadə xüsusilə qeyd edilmişdi. Bu ifadəni isə Minsk qrupunun işinə maneə olmamaq üçün çıxarmaq istəyirdilər. Necə olur, Moldova, Gürcüstan, Ukraynaya münasibətdə bu məsələ çox önəmli olur, Azərbaycana çatanda isə yox. Əminliklə demək olar ki, bu məsələdə müsəlman faktoru var. İkinci faktor Azərbaycanın öz xarici siyasətini kiminsə ağzına baxaraq yox, müstəqil şəkildə aparmasıdır. Sirr deyil ki, bu məsələ kimisə qıcıqlandırır. Xüsusən enerji siyasətinin müstəqil aparılması". Onun sözlərinə görə, sözügedən komitənin sonuncu işlası cari ilin iyul ayında Bakıda keçirilib: "Təsəvvür edin ki, iclas may ayında keçirilməli idi, lakin deputatlar tapılmadı ki, gəlib iclasda iştirak etsinlər. İyul ayında isə cəmi iki deputat gəldi, onlardan biri həmsədr idi, digər deputat da xahiş-minnətlə gəldi. Biz onlara şərait yaratdıq ki, istədikləri məsələ ilə maraqlana bilərlər. Eyni zamanda, diqqətlərinə çatdırdıq ki, biz bu şəkildə əməkdaşlıq etmək istəmirik. Çünki bu şəkildə əməkdaşlığa ehtiyac yoxdur. Ona görə Milli Məclis də dəstək olmalıdır ki, bu məsələlərdə mövqeyimizi ortaya qoyaq". Sədr müavini əlavə edib ki, bu yaxınlarda təbii ki, yeni seçilmiş deputatlarla görüş olacaq: "Məhz orada məsələni konkret qoyacağıq ki, əməkdaşlıq komitəsi formatını dəyişməlidir. Əməkdaşlıq məsələsində söhbət bütün tərəflar arasında bərabər münasibətlər, bərabər hüquqlardan gedə bilər. Başqa formada bu əməkdaşlıq komitəsinin işinə ehtiyac yoxdur". V.Ələsgərov qeyd edib ki, Avronestin fəaliyyətinə də eyni münasibət sərgilənməlidir: "Deputatlar düşünürdü ki, Avronect və onun Parlament Assambleyası köhnə zamanlarda olduğu kimi Rusiya ilə Qərb arasında bir bufer olaraq qurulub. Aralarında alver məsələsi alınmayanda qabağa kimisə verəcəklər. Ukrayna, Gürcüstan bu məqamı yaşadı, kim gəldi onların köməyinə? Ona görə biz bu məsələni mütləq qaldırmalıyıq ki, bu şəkildə əməkdaşlığa ehtiyac yoxdur. Avronestdə də 120 deputatın iştirakı ilə müzakirələr aparıla, qərarlar verilə bilər. Əgər orada bir nəticə yoxdursa, məsələnin müzakirəsi daha yuxarı instansiyaya çıxarıla bilər. Belə halda Avronestə nə ehtiyac var? Hesab edirəm ki, vaxtı çatıb ki, bu məsələləri sərt şəkildə qoyaq və arxasında duraq".
Alim