Milli Şuranın mitinq qərarı müxalifət tərəfindən etirazla qarşılanır

Əli Oruclu: “Mitinq və yaxud hansısa kütləvi etiraz aksiyaları problemlərin həlli və çıxış yolları deyil”

Taliyət Əliyev: "İnsanları kütləvi aksiyalara cəlb etmək çox çətindir"

2013-cü ilin prezident seçkilərində Rusiyanın layihəsi kimi gündəmə gələn Milli Şura adlı qurum uzun müddətlik passivliyini aradan qaldırmağı qərarlaşdırıb. Qurumun bu günlərdə yaydığı məlumatda bildirilib ki, Milli Şura ölkədə kütləvi aksiyalara start verir. Aksiyalar isə oktyabrın 12-dən başlanacaq. Artıq Milli Şuranın bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etdiyi də bildirilir. Bu arada Milli Şuranın kütləvi aksiya istəyinin Müsavat Partiyasının qurultayından dərhal sonraya təsadüf etməsi müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Bildirilir ki, əslində Milli Şuranın oktyabrın 12-nə nəzərdə tutduğu aksiya yeni Müsavat başqanı Arif Hacılının cəmiyyətə təqdim olunmasıdır. Düzdür, Arif Hacılı müəyyən mənada öz tərəfdarları səviyyəsində və Müsavat daxilində tanınır. Ancaq onun özlərinin dediyi kimi ölkənin ana müxalifətinin lideri olaraq cəmiyyətə təqdim olunması indiki halda zəruridir. Aksiya baş tutacağı təqdirdə meydana ən çox qüvvə çıxaran da məhz Müsavat Partiyası olacaq. Çünki Arif Hacılı bu aksiya vasitəsilə özünü doğurdan da "ana müxalifət" lideri kimi qəbul etdirməyi düşünür. Baxmayaraq ki, partiyanın qurultayında 2018-ci ilin prezident seçkilərinə namizəd kimi İsa Qəmbər irəli sürülüb, ancaq indiki məqamda Müsavat Partiyası Arif Hacılının adı ilə tanınır. Bəs görəsən əsl məqsədi cəmiyyətə bir daha özlərini sırımaq və aktiv siyasi təbəqəni öz ətrafına çəkmək olan Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiyaya digər müxalifət partiyalarının mövqeyi necədir və partiyalar Milli Şuranın aksiyasına ehtiyac görürlərmi?
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu hesab edir ki,  mitinq və yaxud hansısa kütləvi etiraz aksiyaları problemlərin həlli və çıxış yolları deyil: "Üstəlik də mübarizənin başqa üsulları tükənməyib. Doğrudur, ölkədə bütün sahələr üzrə böhranlı və təhlükəli hədd var. Lakin nəzərə almaq lazımdır ki, gərginlik, qarşıdurmalar, nifrət və düşmənçilik heç bir tərəfə fayda gətirməz". Əli Oruclunun sözlərinə görə,  aksiyaların kütləviliyini və effektivliyini təmin etmək üçün öncə cəmiyyətin buna hazır olub-olmamasını bilmək lazımdır: "Bu bir reallıqdır ki, hələ belə bir sosial sifariş və fəallıq yoxdur.  Məhdud partiya üzvləri və təəssübkeşlərinin iştirakı ilə keçirilən aksiyalar isə təsirsiz qalır". AMİP rəsmisi hesab edir ki, kütləvi aksiyalar sadəcə bir qrup insanı bilərəkdən hüquq-mühafizə orqanlarının zor aparatı ilə üzbəüz qoymaq, onların müxtəlif üsullarla cəzalandırılmasına rəvac verməkdən başqa bir şey olmur. Ona görə də mən Milli Şuranın mitinq barədə verdiyi qərarın vaxtında və yerində verilmiş qərar olduğu düşüncəsində deyiləm". Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev də hesab edir ki, kütləvi aksiyalar və mitinqlər təyin edilən zaman mövcud reallıq nəzərə alınmalıdır:  ADP rəsmisinin sözlərinə görə, hər bir təşkilatın, o cümlədən Milli Şuranın da kütləvi aksiyalar, həmçinin mitinqlər keçirmək hüququ var: "O ki qaldı mitinqlərin keçirilməsi üçün siyasi sifarişin olub-olmaması məsələsinə, hesab edirəm ki, ölkədə sosial, iqtisadi, siyasi problemlərin olduğu bir dönəmdə bu cür aksiyalar keçirilə bilər. Amma, reallığı da nəzərə almaq lazımdır. Bu günkü reallıq isə ondan ibarətdir ki, cəmiyyət kifayət qədər apolitik bir vəziyyətdədir. Belə bir vəziyyətdə insanları kütləvi aksiyalara cəlb etmək çox çətindir". Taliyət Əliyev Azərbaycan Demokrat Partiyasının Milli Şuranın aksiyasına dəstək verib-verməyəcəyi məsələsinə də aydınlıq gətirib. O, hələlik təşkilatçılar tərəfindən demokratlara heç bir müraciət edilmədiyini diqqətə çatdırıb: "Mitinqdə iştirakla bağlı hələ ki, bizə hər hansı müraciət daxil olmayıb. Belə bir dəvət olunsa Azərbaycan Demokrat Partiyası bu dəvəti dəyərləndirəcək. Olmasa belə, biz partiya üzvlərimizə bu mitinqdə iştirakla bağlı heç bir qadağa qoymayacağıq, Necə ki, bu vaxta qədər heç bir məhdudiyyət qoymamışıq".


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00