Bahar Muradova: “Dövlət qurumlarının qrant alması ilə bağlı deyilən fikirlərlə razılaşmaq olmaz”
30 Sentyabr 2014 15:25 Siyasət"Əgər kimsə düşünürsə ki, yalnız 5-6 nəfərin məsələsində güzəştə gedilməsi ilə Avropa Parlamenti və digər sifarişli qərar qəbul edən beynəlxalq qurumlar təzyiqləri dayandıracaqlar, o zaman bu, yalnış düşüncə olardı". Bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O, bildirib ki, beynəlxalq təşkilatlarda iştirak edən və ən çox rəsmi şəxslərlə görüşən biri olaraq deyə bilərəm ki, qırmızı xəttlə keçən bir fikir var ki, Azərbaycan özündən razı siyasət yeridir: "Həmin fikirdə olanlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər. Onların əsas istəyi özündən razı olan kiçik bir dövlət kimi bizi cəzalandırmaqdır. Digər tərəfdən bu kimi addımlar onların qarşılarında alət olmamağımızdan irəli gəlir. Təbii ki, bu fərqi ayırd etmək elə də çətin deyil. Azərbaycan müstəqil ölkədir. Nə qədər ki, ölkəmizdə müxtəlifyönlü QHT-lər fəailiyyət göstərir, o zamana kimi belə siyahılar olub və bundan sonra da olacaq". Sədr müavini onu da əlavə edib ki, Azərbaycanın tutduğu yola heç kimin şübhəsi olmamalıdır: "Əgər şübhə olacaqsa, o zaman bununla da biz onların torlarına düşmüş olacağıq. Eyni zamanda beynəxlaq dairələrin və oradakı zərərli fəaliyyətlə məşğul olan bir sıra təşkilatların əlində alətə çevrilmiş olacağıq ki, bunu da nə xalqımız, nə də ölkəmiz istəmir. Bizim əsas istəyimiz odur ki, Azərbaycanda bu sahədə şəffalıq olsun. Hər kəsin maliyyə qaynaqları açıq şəkildə göstərilməlidir".