Eks-spiker: “Müsavat ailə podratına çevrilməyə başlayıb”

Müsavat Partiyası qurultayını başa çatdıran kimi yeni bir qalmaqalla qarşılaşıb. Belə ki, eks-spiker Rəsul Quliyev müsavatçıların qurultayda qəbul etmiş olduğu bir sıra qərarları sərt tənqid edib. Qarşı tərəfin eks-spikerə cavabı isə Rəsul Quliyevin Müsavatı aşağılaması ilə nəticələnib. "OLAYLAR"-ın xəbərinə görə, eks-spiker Müsavat Partiyasını ailə podratı adlandırıb: "Mənim yazdıqlarıma guya cavab vermiş ailə podratı üzvlərindən birinin (deyəsən bu partiya ailə podratına çevrilməyə başlayıb) yazdıqlarımın içərisində nəyin düzgün olmadığını tapa bilmədim. Mən yazmışdım ki, prezident seçkisinə 4 il bir ay qalmış namizəd təsdiqləmək piyada siyasətidir, bu faktiki heç bir mübarizə aparmayacağam deməkdir. Cavab yoxdur. Mən yazmışdım ki, 10 ildən sonra keçirilən qurultayda 6 saatlıq çıxışlarla işi yekunlaşdırmaq heç bir plan və proqramın olmaması deməkdir və s. 21 ildir camaatı psevdomübarizəsi ilə aldadanlar yox, həmişə xalqa ancaq düzünü söyləyən mənim tövbə etməyimi gözləmək hansı ağılın məhsulu ola bilər? Mən yazmışdım qurultayda cavanlar iştirak etmirdilər və bu ən böyük çatışmamazlıqdır. Məgər elə deyilmi? Mən yazmışdım ki, 2600 manat pul tapa bilməyən partiyanın heç 50 nəfər arasında da dəstəyi yoxdur. Məgər bu belə deyilmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00