Azərbaycan və İran münasibətləri müzakirə edilib

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə Gilan Vilayətinin valisi Məhəmmədəli Nəcəfi ilə görüşüb. Bu barədə Trend-ə Baş Konsulluqdan məlumat verilib. Məlumata görə, baş konsul Azərbaycan-İran əlaqələrində Gilan Vilayətinin roluna işarə edərək, Astara sərhəd-nəzarət məntəqəsinin, Ənzəli və Astara limanlarının bu vilayətin ərazisində yerləşməsinin, həmçinin, reallaşdırılmaqda olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də vilayətin ərazisindən keçməsini vilayətin üstünlüklərindən olduğunu diqqətə çatdırıb. Baş konsul hər iki ölkə rəhbərlərinin iradəsi ilə Azərbaycan-İran əlaqələrinin yüksələn istiqamət üzrə inkişaf etdiyini bildirərək, yaxınlarda keçirilmiş dövlətlərarası komissiyanın iclasının nəticələrinə dair imzalanmış memorandumda Gilan Vilayətinə dair də bir çox müddəaların yer aldığını və bu müddəaların icrasının Gilan Vilayəti ilə əlaqələrdə öz müsbət təsirini gələcəkdə də göstərəcəyini vurğulayıb. Son dövr ərzində Azərbaycan və İran rəsmiləri arasında keçirilmiş görüşlər nəticəsində vətəndaşların gediş-gəlişinin daha da sadələşdiyini, iqtisadi, ticarət əlaqələrinin artdığını və bir çox digər sahələrdə də irəliləyişlərin nəzərə çarpdığını bildirən baş konsul, Gilan Vilayəti ilə mədəni, elmi, idman, turizm əlaqələrinin də artırılması potensialının olduğunu diqqətə çatdırıb. Gilan Vilayətinin valisi Məhəmmədəli Nəcəfi isə İranın digər vilayətlərindən fərqli olaraq Gilan vilayətinin Azərbaycan Respublikası ilə dənizdən, eyni zamanda qurudan sərhədə malik olduğunu və bunun əlaqələrin inkişafında böyük potensial yaratdığını vurğulayıb. Məhəmmədəli Nəcəfi Azərbaycan vətəndaşlarının vilayətə səfəri üçün lazımi şəraitin yaradıldığını, həmçinin əlavə olaraq Rəşt-Bakı-Həştərxan marşrutu üzrə təyyarə reysinin açılması və Ənzəli-Bakı marşrutu üzrə sərnişin gəmisinin fəaliyyətə başlaması imkanlarının da mövcüd olduğunu bildirib. Vali Gilan Vilayətinin Azərbaycan-İran əlaqələrinin inkişafına bundan sonra da öz tövhəsini verməyə çalışacağını, həmçinin, iqtisadi, mədəni, elmi və digər sahələr üzrə əlavə işlərin həyata keçirilməsinə də vilayətin hər zaman hazır olduğunu diqqətə çatdırıb. Görüşdə əlaqələrin mütəmadi saxlanılması, görüşlərin vaxtaşırı təşkili, müştərək iqtisadi, mədəni, elmi layihələrin həyata keçirilməsinin davam etdirilməsi, gömrük, sərhəd və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00